Pediatr: Hepatit A virusu uşaqlara çirkli su və qidalardan keçir

Öpüşmək, qucaqlaşmaq, yeməklərin paylaşılmasından uzaq durulmalıdır


  Son günlər Azərbaycanda daha bir virusun Hepatit A (HAV Ig M)-ın yayılması ilə bağlı məlumatlar yayılıb. Mütəxəssislərin tövsiyəsinə görə, uşaqları hepatit A-dan qorumaq üçün valideynlər və təhsil ocaqları  gigiyenik normalara daha ciddi riayət etməlidir.
 
 Pediatr Nurəngiz Hacıyevanın sözlərinə görə, profilaktik qaydalara düzgün riayət etdikdə xəstəlik adətən öz-özünə sağala bilir və çox vaxt qaraciyərdə zədələnmə yaratmır. 
  Pediatr "Sherg az"a açıqlamasında deyib ki, hepatit A virusu uşaqlara çirkli su və qidalardan keçir: 

"Viruslar qol saatı, telefon, yazı stolu, ayaqyolundakı qapı dəstəkləri, əl-üz yuyan çanaqlar, sabun və bir çox mikrobla zəngin əşyalarla yayılır. Bu səbəbdən də ictimai yerlərdə (bağça, məktəb, ali məktəb, xəstəxana, idman zalı) gigiyenik normalara riayat edilməlidir.
  Hepatit keçirən insanlarda heç bir əlamət görülməyə bilər. Bəzən xəstəliyə diaqnoz qoyulmadan yüngül qarın getmə ilə keçib gedə bilər. Hepatit A-nın əsas əlamətləri isə halsızlıq, iştahsızlıq,  qarında ağrı, ürəkbulanma, dəri və gözdə saralma, sidiyin rənginin tündləşməsidir.  Diaqnoz qan analizinə əsasən qoyulur. Müalicə zamanı  xəstə yataq rejimində olmalıdır. Qusma və halsızlıq olarsa, venadaxili infuziya aparılır. Uşağa rahat həzm olunan qidalar verilməlidir. Yağsız qidalara, meyvə və tərəvəzə üstünlük verilməlidir. Virusdan qorunmaq üçün gigiyenik qaydalara riayat edilməli və əl yuma vərdişi ciddiləşməlidir.
Öpüşmək, qucaqlaşmaq, yeməklərin paylaşılmasından uzaq durulmalıdır.
  Restoranlarda qida sifariş edərkən daha çox isti və bişmiş yeməklərə üstünlük vermək lazımdır. Uşaqlarınıza məktəb üçün yeməkləri evdən qoymağınız məsləhətdir. Otaq temperaturunda servis edilən yeməklər, küçədə satılan qidaları almayın. Meyvə və tərəvəzləri təmiz yuyun. Soyulmamış və yuyulmamış meyvə və tərəvəzləri yemək, kiminsə stəkanından və ya butulkasından su içmək məsləhət deyil".