Xəstəlikdən ölüm halları əvvəllər də olub, hətta çox idi. Sadəcə, bu haqda indiki qədər məlumatlar yayılmırdı
“60-63 yaşlı insan qızılcaya yoluxub. Normaldır. Tibdə belə hallara çox rast gəlinir. Ola bilsin, o şəxs peyvənd vurdurmayıb, yaxud vurdurubsa da, yenidən xəstələnib. Burada qeyri-adi bir hal yoxdur”
Qızılca azalmır. Üstəlik, digər viruslar da yayılır. Xəstəliklərin ağır gedişatını bəziləri bir neçə virusun birləşməsi ilə əlaqələndirir. Qızılcanın qripə, qripin qızılcaya qarışdığını iddia edirlər. Uşaqlar da yoluxur, hətta yaşlı-başlı adamlar da. Bir məlumat da hazırda qızılcanın klassik formasından fərqləndiyi, əvvəllər kataral dövrün 3-4 gün çəkdiyi, sonra səpkilərin başladığı, indi isə səpkilərin bir həftə davam edən qızdırmadan sonra başladığı, digər infeksiyalar da qızdırma ilə müşayiət olunduğu üçün diaqnozun qoyulmasında çətinlik yarandığı bildirilir. Yaşlı insanların qızılcaya tutulması ilə, ümumiyyətlə, yenilik hesab edilir.
Yayılan məlumatlar həqiqəti nə dərəcədə əks etdirir?
İnfeksionist, 25 saylı poliklinikanın həkimi Sədiqə Əliyeva “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qızılca elə həmin qızılcadır, insanlarımız başqadır:
- Qızılca elə həmin klassik qızılcadır. Fərqli bir hal yoxdur. Qızılcadan ölüm halları əvvəllər də olub. Hətta çox idi. Sadəcə, bu haqda indiki qədər məlumatlar yayılmırdı. Qızılca ona görə təhlükəli xəstəlik hesab edilir ki, bu zaman orqanizm çox zəifləyir. Zəif orqanizmin xəstəliklə mübarizəsi də çətin olur. Qızılca xəstəliyində ortalama 8 günə qədər qızdırma olur, sonra səpkilər başlayır. Bu xəstəlik həmişə belə gedişatla özünü göstərib, indi də belədir. Hazırda müşahidə olunan qızılca xəstəliyin klassik növüdür. Qızılca epidemiyası əvvəllər də olub. Uzağa getməyək, 2018-ci ildə qızılca epidemiyası yayılmışdı. Lakin həmin ildə xəstəliyə tutulanlar 40 yaşdan yuxarı insanlar idi. Uşaqlar arasında yayılmamışdı.
- Doktor, belə çıxır ki, qızılcaya hər yaşda yoluxma ehtimalı var?
- Bəli. Bu, elə bir xəstəlikdir ki, hər yaşda yoluxmaq mümkündür.
- Bəs peyvənd vurdurmuş şəxs də yoluxur?
- Əlbəttə. Bizim insanlarda peyvəndlə bağlı məlumatlar azdır. Peyvənd yoluxmanın qarşısını almaq üçün deyil, orqanizmi qorumaq üçündür. Peyvənd vurdurmuş uşaqda, istərsə də böyük yaşlı insan olsun, həmin virusa, xəstəliyə qarşı immunitet formalaşır. Peyvənd sayəsində anticisim yaranır və yoluxma, təkrar xəstələnmə olduqda anticisim sayəsində insan xəstəliyi daha yüngül keçirir, ölüm riski sıfıra düşür. Elə insan var, uşaq vaxtı qızılca keçirib, amma sonra yenə, hansısa yaş dövründə bir də bu xəstəliyi keçirir. Buna təkrar yoluxma demək olmaz. Təkrar yoluxma deyə bir hal yoxdur. Sadəcə, insan keçirdiyi xəstəliyi bir də keçirir, amma yüngül keçirir. Peyvənd vurdurmuş insan üçün xəstəlik təhlükə yaratmır. Çox nadir hallarda rast gəlinən haldır ki, peyvənd vurdurmuş şəxsdə antitel əmələ gəlməsin. Bu hal 1 faiz ancaq ola bilər. Deyirsiz, 60-63 yaşlı insan qızılcaya yoluxub. Normaldır. Tibdə belə hallara çox rast gəlinir. Ola bilsin, o şəxs peyvənd vurdurmayıb, yaxud vurdurubsa da, yenidən xəstələnib. Burada qeyri-adi bir hal yoxdur.
- Doktor, A qripi yayıldığı da deyilir. Bu barədə nə deyə bilərsiz?
- Bu, qripin ştamlarından biridir. Qripin müxtəlif ştamları var.
- Bir şəxs həm qızılcaya, həm də qripə yoluxa bilərmi?
- Xeyr. Belə hal mümkün deyil. Virus infeksiyaları heç vaxt yanaşı getmir. Əvvəlcə bir virus infeksiyasının yaratdığı xəstəlik başlayır, o bitdikdən sonra digəri başlaya bilər. Məsələn, əvvəlcə qızılcaya yoluxa bilər, sağalandan sonra qripə yoluxar. Virus infeksiyalarının gedişatında oxşarlıq olduğu üçün insanlar səhv olaraq bunları bir-biriylə qarışdırır, elə bilirlər, 2 xəstəlik yanaşı gedir. Lakin belə deyil. Qızılcanın əvvəlki mərhələsi qrip xəstəliyinə oxşayır. Qızdırma ilə başlayır. Valideynlər çox zaman elə bilirlər uşaq qripdir, soyuqdəymədir və sair. Bir neçə gündən sonra səpkilər başlayanda, yenə də səhvən belə düşünürlər ki qrip qurtardı, qızılca başladı. Əslində isə həmin qızdırma elə qızılcanın gətirdiyi qızdırma olub. Qeyri-dəqiq informasiyaların yayılması əhali arasında çaşqınlıq yaradır. Valideynlər daha da qorxuya düşürlər.
- Doktor, bəs hazırda peyvəndləmə ilə bağlı vəziyyət necədir? Qızılca yayılıb deyə, valideynlər uşaqları peyvənd vurulmağa gətirirmi?
- Mən böyüklərə aid poliklinika şöbəsində çalışıram. Peyvəndlərimiz var, amma vurdurmurlar. Amma uşaq poliklinikalarında çalışan həmkarlarımız bildirir ki, son vaxtlar peyvəndləmədə irəliləyiş var. Valideynlər indi uşaqlarını daha çox gətirirlər poliklinikalara peyvənd üçün. Sahə həkimləri də təbliğat aparır. Uşaq 1 yaşında və 6 yaşında qızılcaya qarşı peyvənd olunmalıdır. Ümumiyyətlə isə Milli Peyvəndləmə Proqramında hər yaşda hansı peyvəndlər vurulmalıdır qeyd edilib. Xəstəliklərdən qorunmağın əsas yolu peyvənddir. Bir də ki həmişə tövsiyə etdiyimiz qaydalar. Əllərin tez-tez yuyulması, gigiyenaya fikir vermək. Kollektiv arasında olmamaq.
- Qızılca xəstəliyinin müalicəsi necə aparılır, xüsusi müalicə üsulu varmı?
- Yox, bu, elə bir xəstəlikdir ki, yalnız simptomatik müalicə aparılır. Qızdırma əleyhinə hərarətsalıcı preparatlardan, boğaz ağrısı, öskürək əleyhinə də bu simptomların müalicəsi üçün nəzərdə tutulan dərmanlardan istifadə edilir. Problem həm də xəstə uşaqların bağçaya, məktəbə göndərilməsidir. Biz həmişə xəbərdarlıq edirik, tövsiyə edirik ki, uşağın qızdırması varsa, xəstələnibsə, qızdırmanı axşam tələsik salıb səhər uşağı məktəbə, ya bağçaya göndərməyin. Bilirəm, valideynlər şikayət edir ki, məktəb rəhbərliyi, sinif müəllimləri təkid edir, deyirlər dərsə gəlməsə, qiymətləndirmə aparmayacaqlar... Belə olmaz. Qiymətləndirməni onlayn qaydada da etmək olar. Epidemiya vaxtı uşaqlar məktəbə göndərilməməlidir. Bu, yoluxmanı artırır.