İstədiyinizi yeyə bilərsiniz! - Alimlər kökəlmənin səbəbini tapıb


Zəmanəmizin ən böyük problemlərindən biri də artıq çəki, kökəlmədir. Bəzi insanlar problemdən çıxış yolunu tapa bilmir. Qədərindən artıq yeməkdən də vaz keçə bilmirlər. Bunu bacarmırlar, sadəcə. Alimlərin yeni tədqiqatı isə insanların artıq çəki qazanmadan ürəkləri istədiyini yeyə bilməsinin mümkün olduğunu göstərir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ABŞ-nin Kaliforniya ştatındakı San Diego Universitetinin alimləri insanları artıq çəkidən xilas edə biləcək elmi tədqiqata imza atıb. Alimlər bu qənaətə gəlib ki, gələcəkdə insanlar artıq çəkidən xilas ola biləcəklər. Bu, orqanizmdə bir genin qapanması nəticəsində mümkün olacaq. İnsan genləri üzərində aparılan elmi araşdırma köklüyün müalicəsində böyük əhəmiyyət daşıyır. Alimlər bununla bağlı siçanlar üzərində təcrübə aparıb. Məlum olub ki, hüceyrələrin yağları yandırma qabiliyyətini itirməsi bir genə bağlıdır. Gəmiricilər tərkibində yüksək miqdarda yağ olan qida ilə bəsləndikdə hüceyrələr parçalanır və yağ yandırma qabiliyyətini itirirlər. Nəticədə orqanizmdə piylənmə, ardınca da kökəlmə prosesi başlayır. İnsanların kökəlməsinin səbəbi bu hüceyrələrdə gizlənib. Hüceyrələrin gücünü azaldansa yalnız bir gendir. Əgər bu gen bədəndən xaric edilərsə, hüceyrələr yağyandırma işini daha yaxşı icra edəcək, nəticədə insanda kökəlmə prosesi dayanacaq. Alimlər köklüyün immunsistemi zəiflətməsinin səbəblərini də araşdırıb. Universitetin professoru doktor Alan Saltiel, “həddindən artıq yeməkdən qaynaqlanan aşırı kalori yükü kilo almağa səbəb olur, eyni zamanda enerjinin yanmasını azaldır, kökəlməni daha da sürətləndirən bir metabolik prosesin başlanmasına səbəb olur", söyləyərək bildirib ki, bu gen sağlam köklüyün artıq çəki xəstəliyinə keçməsində önəmli halqadır. Alim qeyd edib ki, orqanizmdə gərəkdiyindən az miqdarda yağ yandırma prosesi gedirsə, yağ hüceyrələrinin enerji yandırma qabiliyyəti getdikcə azalır. Bu da insanların daha artıq çəki almasına gətirib çıxarır. Yağları yandırmalı olan hüceyrələrin fəaliyyətinin necə pozulması isə hələ də ən böyük sirr olaraq qalır. Lakin alim bu fikirdədir ki, yeni tədqiqat və siçanlar üzərində aparılan təcrübələrin nəticələri gələcəkdə insanların artıq çəki problemindən xilas olmasına kömək edəcək.