Son vaxtlar həkimə müraciət edən onkoloji xəstələrin arasında cavanların sayı xeyli artıb
Amerika Xərçəng Cəmiyyətinin son hesabatında 2024-cü il üçün həyəcanverici proqnoz yer alıb. Təkcə ABŞ-də 2 milyondan çox yeni xərçəng hadisəsi gözlənilir ki, bu da xəstəliyə qarşı davam edən mübarizədə mühüm mərhələdir.
Proqnoz təkcə xərçəngin aşkarlanmasında çətinliklərin miqyasını vurğulamır, həm də həyəcanverici bir tendensiyanı göz önünə çəkir: ilk 10 xərçəngdən altısının tezliyi qlobal miqyasda artmaqda davam edir. Xərçənglə üzləşən insanların demoqrafik xüsusiyyətlərində əhəmiyyətli dəyişikliklər baş verir.
50 yaşdan aşağı insanlar arasında xərçəng xəstəliyinə tutulma hallarının artması narahatedicidir, halbuki bu tendensiya yaşlı vətəndaşlar arasında xəstələnmə hallarının azalması ilə ziddiyyət təşkil edir. Gənc kişilər arasında xərçəng ölümünün əsas səbəbi və gənc qadınlar arasında ikinci əsas ölüm səbəbi halına gələn kolon (yoğun bağırsaq) xərçənginin artması xüsusilə narahatlıq doğurur.
Rusiyanın tanınmış onkoloqu Yuliya Şubina xərçəng xəstəliyinin irsi növlərini açıqlayıb. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Həkimin sözlərinə görə, xərçəng yalnız bədxassəli şişlərin bir növü deyil. O qeyd edib ki, xəstəliyin bəzi növləri valideynlərdən də uşaqlara ötürülə bilər."Məsələn, döş, yumurtalıq, medullyar xərçəng və bağırsaq xərçəngi xəstəliyinin bəzi növləri buna aiddir", - onkoloq deyib.
Həkim profilaktiki tədbir olaraq anaları və ya nənələri adları qeyd edilən onkoloji xəstəlik növlərinə tutulmuş qadınlara yumurtalıq və döş xərçəngi inkişafının genetik riski üçün analiz verməyi tövsiyə edib. Onun sözlərinə görə, qalxanabənzər vəzi xərçəngi kalsitonin hormonunun analizi ilə üzə çıxa bilər və kolonoskopiyadan müntəzəm keçdikdə potensial bağırsaq patologiyasını aşkarlamağa kömək edəcək.
Onkoloq Rəna Niftəliyeva isə təəssüflə qeyd edib ki, son vaxtlar həkimə müraciət edən onkoloji xəstələrin arasında cavanların sayı xeyli artıb:“Hər dəfə onları qəbul etdikdən sonra ürək ağrısı ilə düşünürəm ki, belə cavan yaşda onlar niyə xəstələndi, halbuki bu xəstəlikdən onları qorumaq olardı... Bəli, xərçəng xəstəliyi əsrin bəlası olsa da, onun qarşısını almaq, ondan qorunmaq mümkündür”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan həkim deyib ki, bu gün dünyada hər 6 nəfərdən birini yaxalayan xərçəng xəstəliyini 40 faiz azaltmaq mümkündür. Bunun üçün əhali arasında bu xəstəlik barədə, ondan qorunmağın yolları barədə maarifləndirici söhbətlər aparmaqla insanları ən azı cavan yaşda bu səssiz qatildən qorumaq olar:
“Xüsusən də, ağ ciyər xərçəngi, yoğun bağırsaq xərçəngi, qida borusu xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq və uşaqlıq boynu xərçəngindən profilaktik tədbirlərlə qorunmaq olar. Hər il 4 fevral tarixi bütün dünyada Xərçəng xəstəliyi ilə mübarizə günü kimi qeyd olunur. Məqsəd insanların diqqətini getdikcə artan, cavanlaşan xərçəng xəstəliyi ilə mübarizəyə yönəltməkdir. Xərçəng xəstəliyi möcüzəvi bir xəstəlik deyil, onun qarşısını almaq da olur, ondan sağalmaq da mümkündür. Bunun yolu sağlam qidalanma və sağlam həyat tərzinə əməl etməyimizdir.
Xərçənglə digər asan və əyləncəli mübarizə yolu isə fiziki aktivlikdir. Fiziki aktivliklə xərçəng xəstəliyi riskini azalda biləcəyimizə görə sevdiyimiz, bəyəndiyimiz idman növü ilə məşğul ola bilərik.
Vaxtaşırı müayinə keçməyi də bura əlavə etsək, sağlam ömür şansımız daha yüksək olacaq”.
Xərçəngin səbəblərinə toxunan onkoloq deyib ki, bu xəstəliyin səbəbləri siqaret, spirtli içki qəbul etmək, yanlış qidalanma, piylənmə, həddən artıq avtomobil tüstüsünə, zərərli sənaye, peşə faktorlarına məruz qalmaq və sairdir:
“Əgər insan xərçəng xəstəsidir və daimi stressdədirsə, üstəlik, xəstəliyin diaqnozu onda depressiya yaradırsa, bu zaman xəstəlik daha sürətli irəliləyə bilər. Çünki beyin xəstəliklə döyüşmürsə bədən təslim olur. Əksinə, xəstəliyin yaratdığı stress və depressiyanı yenə bilən, əhvalı yüksək, həyata bağlı insanlarda müalicə daha effektli olur. İdmanla məşğul olan, əhval-ruhiyyəsini yüksək tutan, sağlam qidalanan insanlar daha uzun müddət xəstəliksiz sağ qala bilir, uzun ömürlü olurlar. Xərçəng xəstəliyinin yaranmasına səbəb olan xarici mühit amillərinin arasında siqaret çəkməkdən sonra ikinci yeri yanlış qidalanma tutur. Xərçəng xəstəliyinin 25-30 faiz səbəbi yanlış qidalanmadır. Bu o deməkdir ki, sağlam qidalanma vərdişlərinə əməl etməklə hər 4 xəstədən birini xilas etmək, ən azı cavan yaşında ağır xəstəliklə xəstələnmənin qarşısını almaq olar.
Xərçənglə xəstələndikdən sonra isə düzgün qidalanma müalicənin bir hissəsini təşkil etməklə yanaşı uğurlu müalicənin, həyat keyfiyyətinin və uzun yaşamanın əsas şərtlərindən biridir.
Həm xəstəliklə, həm də çətin müalicələrlə bağlı meydana çıxan xoşagəlməz simptomların (çəki itkisi, iştahsızlıq, bulantı və qusma, qəbizlik və ishal və s) aradan qaldırılması üçün düzgün qidalanmaq vacibdir.
Xəstələrə sağdan, soldan eşitdiklərini, öz yanlış məntiqi və yarımçıq biliyi ilə məsləhət edən qeyri-ixtisas həkimləri, qonşular, qohumlar çoxdur: "Şəkər yemə şiş böyüyər, zülal yemək olmaz şiş qidalanar" kimi yanlış fikirlər üzündən kaxeksiya olmuş, alimentar zülal azlığına düşən xəstələrə ya da çox ye, immunitetin qalxsın deyərək müalicədən sonra aşırı çəki almış xəstələrə tez-tez rast gəlirəm”.
R.Niftəliyevanın sözlərinə görə, xərçəng xəstəliyi 10-15 faiz hallarda irsi xarakterli olur:
“Ata-anadan miras olaraq aldığımız genlər bizi xərçəng xəstəliyi riskinə sala bilər. Süd vəzi, yumurtalıq, prostat xərçəngi kimi bəzi orqanların xərçəng xəstəliyi irsi ola bilir. Bəs irsi xərçəngdən nə vaxt şübhələnməli? Bir ailədə birdən çox üzvündə, xüsusilə də eyni orqanda, cüt orqanların hər ikisində (göz, böyrək, süd vəzi), hər iki uşaqda uşaqlıq dövründə, fərqli cinsdə, eyni ailənin 3 nəslində xərçəng xəstəliyinə rast gəlinməsi irsi xərçəng xəstəliyindən şübhələnməyə əsas verir.
Nəsildə xərçəng xəstəliyi varsa, xərçəng genlərinə malik olub- olmadığınızı öyrənmək üçün genetik testlərdən keçməlisiniz. Yəni xərçəng xəstəliyi yaradan genləri nəsildən miras olaraq aldığımızı genetik testlərdə müəyyən etmək mümkündür. Ən çox süd vəzi və yumurtalıq xərçəngi riskini artıran BRCA1 və BRCA2 günləri, ailəvi yoğun bağırsaq xərçəngi yaradan APC mutasiyaları və s. genlər müayinə ilə aşkarlanır. Bu müayinə üçün sadəcə qan analizi vermək kifayətdir. Əgər ailədə irsi xərçəng xəstəliyi varsa, ailənin bütün üzvləri müayinə olunmalıdır. İrsi mutasiya aşkarlandıqda xərçəng xəstəliyinin qarşısını almaq üçün preventiv tədbirlər görülür”.
Həkimin sözlərinə görə, irsi keçən xərçəng xəstəlikləri arasında ən çox rast gəlinəni süd vəzi xərçəngidir:
“Yuxarıda qeyd etdiyim kimi, ailəvi keçmişdə rol oynayan genlər BRC1 və BRC2 genləridir. Bu günlərdəki mutasiya həm süd vəzi, həm də yumurtalıq xərçəngi riskini artırır. Süd vəzi xərçəngi qadınlar arasında ən çox görünən, qadınlar yaşlaşdıqca daha çox rast gəlinən xəstəlikdir. Bu xəstəlik erkən mərhələdə, vaxtında aşkarlanarsa, asanlıqla müalicə olunur, xəstələr uzun yaşayır. Gecikmə səbəbi qadınların bu xəbərsiz qatildən məlumatsız olması, xəstəlik əlamətlərini bilməməsi, az hallarda isə özlərinə qarşı diqqətsiz olmalarıdır.
Süd vəzi xərçənginin erkən əlamətləri süd vəzində düyünün ələ dəyməsi, gilədən şəffaf və ya qanlı axıntı, qızartı və qabıqlanmadır.
Xəstəlik inkişaf etdikdən sonra isə qoltuq altında düyün, dərinin içəri çəkilməsi, süd vəzi dərisində qızartı, ödəm və qalınlaşma, süd vəzinin birində digərinə görə asimmetriya yaranması kimi əlamətlərlə özünü büruzə verir. Bu əlamətlərin hər hansı biri olarsa, mütləq onkoloq mammoloqa müraciət etmək lazımdır.
Unutmayın ki, müayinə bir neçə saatı, xərçəng isə bütün ömrü ala bilir”.