“Günorta saatlarınadək 6 pasiyent mənə bədəni səpkilərlə dolu övladının fotosunu göndərib”
Vaqif Qarayev: “Rəsmi orqanlar deyir, uşaqların 98 faizi peyvəndlidir. Məni yandıran budur! Yaxşı, 98 faiz peyvəndlidirsə, ölən uşaqlar hansı ölkənindi?!”
“Yanğın” davam edir. Od içindəyik”. Bu sözləri “Sherg.az"a açıqlamasında pediatr Vaqif Qarayev 10 yaşlı uşağın qızılcadan vəfat etməsi xəbərinə reaksiyası zamanı söylədi. Xatırladaq ki, Tovuzda azyaşlının qızılcadan vəfat etməsi xəbəri yayılıb. “Qafqazinfo”nun məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılov fevralın 4-dən Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 10 yaşlı Y.İsmayılov dünən dünyasını dəyişib. Ölüm faktı ilə bağlı araşdırma başlanılıb.
V.Qarayev qeyd etdi ki, qızılcaya yoluxmada azalma müşahidə edilmir:
- Azalma olsaydı, mən də bilərdim, müşahidə edərdim. Bu gün (06 fevral) günorta saatlarınadək 6 pasiyent mənə bədəni səpkilərlə dolu övladının fotosunu göndərib. Hələ günün birinci yarısıdı! Yoluxma azalmır. Yüksələn xətlə gedir hələ ki. Biz yanğının içindəyik. Od tutub yanırıq! Və təəssüf ki, ölüm halları da var. Rəsmi orqanlar deyir, uşaqların 98 faizi peyvəndlidir. Məni yandıran budur! Yaxşı, 98 faiz peyvəndlidirsə, ölən uşaqlar hansı ölkənindi?! Deməli, burada nəsə düz getmir. Ya, deyildiyinin əksinə olaraq uşaqların 98 faizi peyvəndli deyil, ya da peyvənd effektsizdir. İkisindən biridir. Nə edək, uşaqları necə qoruyaq? Bir vasitə desinlər, uşaqları xilas edək!
Pediatr bildirdi ki, hazırkı qızılca fərqli gedişatı ilə seçilir:
- Qızılca xəstəliyi mərhələlidir. Birinci 3-4 gün qızdırma ilə müşayiət olunur, sonrası 3-4 gündə əvvəlcə boyun, sonra baş, bədən, əllər, ayaqlarda səpkilər əmələ gəlir. Üçüncü mərhələdə isə səpkilər sönməyə başlayır. Ən kritik olan səpki dövrüdür. Bu dövr ölümcül ola bilir. Bu, klassik qızılcadır. Amma indiki qızılcanın gedişatı fərqlidir. Baxırsan ki, səpkilər baş hissədən, boyun nahiyəsindən başlamır. Əvvəlcə bədən səpir, yaxud əllər, ayaqlar, sonra baş, sonra bədən... Əvvəllər südəmər körpələr qızılcaya yoluxmurdu. İndi yoluxurlar. Əvvəllər gənclər, böyüklər qızılcaya yoluxmurdu, indi yoluxurlar. Belə fərqlər var. Qızılcanın xüsusi müalicə üsulu yoxdur. Burada simptomatik müalicə təyin edilir. Qızdırmaya qarşı, qaşınmaya qarşı və sair.
10 yaşlı uşağın ölüm faktına gəlincə V.Qarayev ehtimal irəli sürə biləcəyini dedi:
- Məlumatlarda 10 yaşlı həmin uşağın uşaq serebral iflic xəstəsi olduğu qeyd edilib. Bu uşaqlarda immunitet çox aşağı olur. Amma ölümün dəqiq səbəbini yazmayıblar. Ailədəki digər uşaq qızılcadan müalicə alır. Qızılca o zaman ölümlə nəticələnir ki, ağırlaşma baş verir. Xəstəlik pnevmaniya (sətəlcəm), insefalit, meningit yaradır və bu səbəblərdən də ölüm halı baş verə bilir. Bu o zaman baş verə bilər ki, uşaq peyvənd olunmayıb. Peyvənd olunan uşaqlar qızılcanı ağır keçirmir, yüngül keçirirlər. Ağırlaşma olmur. Dediyim kimi, 3 mərhələni keçirib, tədricən sağalırlar. İzləyirəm sosial şəbəkələri, hərə bir söz yazır – bu, qızılca deyil, başqa bir virusdu. Biri yazır, COVID-di. Virusun nə olduğunu bilmək üçün analiz vermək lazımdır. Bütün klinikalarda qızılca xəstəliyini analizlə təyin edirlər. Kim şübhələnirsə, aparsın uşağını analiz versin, bilsin xəstəliyi nədir. Qızılcadırsa, qızılca çıxacaq, COVID -dirsə, COVID çıxacaq. Bir şeyi dəqiq bilirəm ki, vəziyyət nəzarət altına alınmalıdır. Bu saat sahə həkimləri qarışqa kimi qaynamalıdırlar. Ailələrə baş çəkməli, uşaqları peyvəndə cəlb etməlidirlər. Bu təşviş görünmür. Passivdirlər. Ona görə də yoluxma sayı azalmır. Xəstə uşaq ev şəraitində müalicə olunmalıdır. Hər nə qədər deyilsə də ki yoluxma azdır, məktəblərin, uşaq bağçalarının bağlanmasına ehtiyac yoxdur, belə deyil. Müəyyən müddətə də olsa təhsil müəssisələri bağlanmalıdır ki, yoluxmada sönmə başlasın. Onsuz da məktəblər, bağçalar təkrar açıldıqda yenə yoluxma müşahidə ediləcək. Amma heç olmasa, bir qədər yavaşlayar sürət. Təkcə qızılca deyil axı yayılan, su çiçəyi də yayılıb, göy öskürək, skarlatina... Yoluxmanın, ölüm hallarının qarşısını almağın yolu peyvənddir. Peyvənd orqanizmdə antitel yaradır. Onun sayəsndə xəstəlik yüngül keçir, ağırlaşmalar olmur. SSRİ dövründə qızılca peyvəndi körpələrə 1 dəfə, 1 yaşında vurulurdu. İndi 2 dəfə vurulur – 1 və 6 yaşında. Tək qızılca peyvəndi deyil. Digər xəstəliklərə qarşı da peyvəndlər var və uşaqlara bunlar vurulmalıdır.