Mütəxəssislər hər gün antibiotiklərin lazımsız istifadəsi ilə bağlı mühüm açıqlamalar verirlər. Ancaq uşaqlarda erkən yaşdan antibiotik istifadəsi çox daha qalıcı zərər verə bilər.
"Sherg.az" xəbər verir ki, bakterial yoluxucu xəstəliklərin müalicəsində ilk ağla gələn antibiotiklər uşaqlar üçün böyük təhlükə ola bilər. Çünki uşaqlar iki yaşından başlayaraq antibiotik qəbul etdikdə onların bağırsaq florası daimi olaraq dəyişir.
Bağırsaq florasının dəyişməsi uşaqlarda astma və piylənmə kimi risk faktorlarını artırır. “Nature Communications” jurnalında aparılan araşdırmada antibiotiklərin bağırsaq florasını pozduğu və qalıcı zərər verdiyi müəyyən edilib.
Antibiotiklər bakteriyaları öldürməklə yanaşı, təkcə xəstəlik törədicilərini yox, həm də immunitet sistemini gücləndirən, həzmi tənzimləyən və hətta astmanın qarşısını alan bakteriyaları da məhv edir.
Helsinki Universitetində 2-7 yaş arası 142 uşaq üzərində aparılan araşdırmada uşaqların bəzilərinə iki yaşından əvvəl bir dəfə, bəzilərinə isə bir neçə dəfə antibiotik verilib. Qalanları isə ümumiyyətlə antibiotik müalicəsi almayıb.
Araşdırmanın nəticələrinə baxdıqda antibiotik verilən uşaqların bağırsaq florasının dəyişdiyi görülüb. Bu uşaqlarda aktinobakteriyalar qrupunda olan faydalı mikroblar əhəmiyyətli dərəcədə azalıb, hətta bəzilərində tamamilə yox olub. Əvəzində isə bol proteobakteriyalar və bakterioidlər aşkar edilib.
Antibiotik verilməyən və ya yalnız penisilin qəbul edən uşaqlarda isə bu müşahidə edilməyib. Eyni zamanda uşaqların bağırsaq florasının antibiotik müalicəsindən sonra çox yavaş bərpa olunduğu da müşahidə edilib
Digər tərəfdən, antibiotik qəbul edən uşaqların uzun müddət müəyyən həzm fermentlərini az miqdarda ifraz etdiyi aşkarlanıb.
Tədqiqatın göstərdiyi nəticələrdən biri də antibiotik müalicəsindən sonra ən azı bir il bağırsaq florasının yaxşılaşmamasıdır.
Uşaqlara çox erkən yaşda bir neçə dəfə antibiotiklər verildikdə, mikroblar bərpa olunmağa vaxt tapmır və bağırsaq florasında dəyişiklik qalıcı olur.
Antibiotik terapiyası lazımdırsa, mütəxəssislər ən azı uşaqlar üçün Eritromisin və ya Azitromisin kimi makrolidlərdən çəkinməyi məsləhət görürlər.