Dədə-babadan türkəçarə metodu olan çay sodası ilə boğaz yaxalamaq tibbi baxımdan faydalıdırmı?
“Medicina” xəbər verir ki, terapevt Kseniya İvanova bu metoda fikrini bildirib. “Boğazın selikli qişası çox həssasdır.Onu hər məhlulla qarqara etmək olmaz. Dərman vasitələrinin reyestirində soda – hidrokarbonat natriy kəskin infeksion xəstəliklərdə ağız boşluğu və boğazı terapiya vasitəsi kimi qeyd edilib. Amma bu köhnəlmiş vasitədir. Reyestrdə dəqiq qeyd olunub ki, qarqara üçün neçə qram soda lazımdır. Hidrokarbonat selikli qişalar iltihabı üçün az effektivdir, əksinə zərəri var. Ev şəraitində boğaza yod, bitki və çay sodasını qarışdırıb qarqara etmək risklidir. Orqanizm bu maddələrə ağlagəlməz dərəcədə əks reaksiya verə bilər. Boğazı həkimin təyin etdiyi məhlullarla dezinfeksiya etmək lazımdır. İndi sodadan effektli və təhlükəsiz vasitələr çoxdur”.
Məsələyə münasibət bildirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, türkəçarə elmi əsası olan qədim türk təbabatıdır:
"Burada istifadə olunan metodların əksəriyyəti elmin, tarixin sınağından keçib. Hazırda türkəçarənin nailiyyətlərindən Almaniya, Avropa və digər ölkələrdə də istifadə olunur. Günümüzdə apteklərin bir çoxunda Şərq reseptləri əsasında hazırlanmış alman dərmanlarını görmək mümkündür. Zəli, arı zəhəri və digər vasitələrlə müalicə üsulu uzun müddət bir çox xəstəliklərdə effekt verib. Soda ilə boğaz yaxalamaq isə həmin məhlulun xassəsi ilə bağlı olan bir nüansdır. Həzm traktının ayrı-ayrı nahiyələrində müxtəlif mühitlər var. Məsələn, mədədə turş, onikibarmaq bağırsaqda isə qələvi mühit mövcuddur. Yəni, bunu dəyişmək olmaz. Burada spektr var ki, həmin mühiti qarışmağa imkan vermir. Əksinə olduqda problemlər yaranır".
A.Qeybulla vurğulayıb ki, sodadan istifadə tibbi baxımdan ziyansızdır:
"Sadəcə olaraq türkəçarə prosseduruna aludə olmaq düzgün deyil. Məsələn, bir çox şəxslər banka qoyulmasını vərdişə çevirib. Bir sözlə, bunların istifadəsinə diqqət etmək vacibdir".