Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır. Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir. Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Faktla bağlı araşdırma aparılır.
Maraqlıdır, hər dəfə xəbərdarlıq olunmasına baxmayaraq, bu kimi hallar niyə təkrar olunur? Ümumiyyətlə, vətəndaşlar dönər alarkən nəyə diqqət etməlidir?
Məsələ ilə bağlı qida məsələləri üzrə mütəxəssis Ağa Salamov "Sherg.az" a açıqlamasında bildirib ki, zəhərlənmələrin çoxu toyuqla hazırlanan dönərlərdən qaynaqlanır:
"Çox güman ki, burada salmonella bakteriyasının törəməsi nəticəsində dönər mikrobioloji çirklənməyə məruz qalıb. İl ərzində yüz minlərlə insan bu bakteriyanın qurbanına çevrilir. Dönərxanalarda da ucuz başa gəldiyindən toyuq dönərinin hazırlanmasına üstünlük verilir. Təəssüf ki, dönərxanaların əksəriyyətində ət və mayonez düzgün şəraitdə saxlanmır. Bu qida isti yeməklər sırasına daxil olduğu üçün aldıqda mənşəyi məlum olmalıdır. Həmçinin emal prossesinə düzgün əməl edilməlidir. Azərbaycanda bir çox içtimai iaşə obyektlərində bu qaydalar ciddi şəkildə pozulur. Bu kimi halların qarşısını almaq üçün isə kütləvi şəkildə maariflənmək lazımdır. Məsələn, yeməyi bişirən aşbazın peşə təhsili var? Sanitar gigiyena qaydalarını bilir? İşə götürən şəxs bu məsələlərlə maraqlanmalıdır. Bəzi sahibkarlar var ki, dönərxanalarda kadrlar şöbəsi olmadığı üçün kimi gəldi işə götürür. Çox təəssüflər olsun ki, hər yerindən duran sahibkar olaraq özbaşnalıq edir. Sonda isə azyaşlılar, hamilə qadınlar, qocalar kapitalizm bəlasına düçar olurlar".