Bəzi qan göstəricilərinin aşağı səviyyədə olması depressiya və narahatlıq əlaməti ola bilər. Psixiatr Nagihan Günal qan dəyəri çatışmazlığının hansı psixoloji problemə səbəb ola biləcəyini açıqlayıb.
"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, depressiya, yorğunluq və narahatlığın səbəbi qan dəyərlərimizlə bağlı ola bilər. Psixiatr Nagihan Günal, “Qan testlərinin edilməsi və aşkar olunan çatışmazlıqların dəyişdirilməsi müalicə prosesinə müsbət təsir edəcək. Psixi xəstəliklərdən müalicə prosesində olan insanlarda çatışmazlıqların aşkar edilməsi və problemlərin həlli də vacibdir". deyib
Diqqəti cəmləyə bilmirsiz və ağlınız qarışır...
Siz hipotiroid ola bilərsiniz.
Diqqəti işinizə cəmləyə bilmirsiniz, hesablamalar ağlınızı qarışdırır... Bu cür idrak pozğunluqları, konsentrasiyada çətinlik, mürəkkəb sualları anlamaqda çətinliklər hipotiroidizmdə müşahidə oluna bilər. Depressiyaya meyl, düşünmə yavaşlığı, motivasiya itkisi də baş verə bilər.
Daim zəif və yorğunsuz...
Dəmir çatışmazlığınız ola bilər.
Əgər özünüzü daim yorğun hiss edirsinizsə, dəmir səviyyənizi yoxlamalısınız. Xüsusilə reproduktiv yaşda olan qadınlarda və uşaqlarda qida çatışmazlığı səbəbindən dəmir əksikliyi tez-tez aşkar edilir. Zəiflik və yorğunluq əlamətlərdir. Depressiya və narahatlıq kimi psixoloji simptomlar, həmçinin yuxu pozğunluqları da müşahidə oluna bilər.
Həmişə yuxunuz gəlir, əhvalınız aşağıdır...
B12 vitamini çatışmazlığınız ola bilər.
Nə qədər yaxşı yatmağınızdan asılı olmayaraq, özünüzü daim yuxulu hiss edirsinizsə və əhvalınız əsassız olaraq aşağıdırsa, B12 səviyyənizi yoxlamalısınız. Ruhi xəstəlikləri olan insanlarda aparılan skrininqlərdə B12 vitamininin aşağı səviyyəsi aşkar edilib. Apatiya, yuxululuq və yaddaş problemləri gördüyümüz simptomlar arasındadır.
Heç nəyə konsentrə ola bilmirsiz...
Sizdə fol turşusu çatışmazlığı ola bilər.
Əgər diqqətinizi izlədiyiniz filmə, oxuduğunuz kitaba və ya dostunuzla görüşdə söhbətə cəmləyə bilmirsinizsə, sizdə “folate” çatışmazlığı ola bilər. Folat çatışmazlığı və depressiya arasında əlaqəni göstərən elmi nəşrlər var. Folat, B6 və B12 vitaminlərinin çatışmazlığı nevroloji pozğunluqlara, koqnitiv pozğunluğa və demensiyaya səbəb ola bilər. Vitamin B1 də koqnitiv pozğunluq və demansın inkişafı ilə əlaqələndirilir.
Siz əsəbi və narahatsınız...
D vitamini çatışmazlığınız ola bilər.
Əgər özünüzü narahat və daim dəyişən əhval-ruhiyyədə görürsünüzsə, hər zaman əsəbi hiss edirsinizsə, D vitamininizi yoxlatdırın. Kalsitriol, D vitamininin aktiv forması; Dopamin, adrenalin və noradrenalin kimi nörotransmitterlərin sərbəst buraxılmasında mühüm rol oynayır. Depressiya və narahatlıq pozğunluğu diaqnozu qoyulmuş insanlar və sağlam könüllülərin D vitamini səviyyələrini müqayisə edən bir araşdırmada, həm depressiya, həm də narahatlıq pozğunluğu olanlarda qan zərdabında D vitamini səviyyəsinin aşağı olduğu aşkar edilmişdir.
Qəfil və qəzəbli reaksiyalar verirsiniz...
Sizdə hipomaqnezemiya ola bilər.
Birdən ailənizə, dostlarınıza, sevgilinizə qəzəblə reaksiya verirsiniz və daim halsız və yorğun olursunuz... Səbəb hipomaqnezemiya, yəni maqnezium səviyyəsinin aşağı olması ola bilər. Konvulsiyalar (nöbetlər), depressiya, əsəbilik, ataksiya, başgicəllənmə və orientasiya pozğunluğu kimi simptomlar da baş verə bilər.
Sosiallaşmaq istəmirsiniz və ani emosional dəyişikliklər yaşayırsınız...
Bu, Addison xəstəliyinin başlanğıcı ola bilər.
Əgər bir müddətdir insanlarla görüşmək və ya çölə çıxmaq istəmirsinizsə və ani əhval dəyişikliyi yaşayırsınızsa, böyrəküstü vəzidən ifraz olunan hormonlarla bağlı probleminiz ola bilər. Addison xəstəliyi bu hormonların kifayət qədər miqdarda istehsal oluna bilməməsi və onların çatışmazlığı nəticəsində yaranan xəstəlikdir. Depressiya, emosional geri çəkilmə, apatiya (ətraf mühitə laqeydlik vəziyyəti), istək və təşəbbüsün itməsi kimi psixoloji əlamətlər müşahidə oluna bilər.