Professor: Dünyanın heç bir yerində başağrısına görə təcili yardım çağırılmır

Təcili tibbi yardımla bağlı yalan çağırış edənlərə qarşı cərimələrin məbləğinin artırılması təklif edilir. Bu təkliflə Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bu gün keçirilən iclasında çıxış edib. O qeyd edib ki, təcili tibbi yardıma gün ərzində 3000-dən çox müraciət daxil olur.                                                           
“Bunun da təxminən 1000-i yalan olur. Nəzərə almaq lazımdır ki, bu gün ölkədə infeksion xəstəliklərin sayında artım müşahidə olunur. Belə şəraitdə yalan çağırışlar lazımi şəxslərə çatmaq üçün vaxt itkisinə səbəb olur. Yalançı çağırışların qarşısının alınmasında aidiyyəti qurumlar çarəsiz qalıb. Nəzərə almaq lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə edilir. Təklif edirəm ki, cərimənin məbləği artırılsın”.

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az"a bildirib ki, yanlış tibbi çağırışlarla bağlı bir neçə dəfə müzakirələr həyata keçirilib:

“Rusiyada bununla əlaqədar müvafiq, cəzalar mövcuddur. Hətta, həmin şəxs əməlinə görə həbs oluna bilər. Yanlış müraciət olunduqda başqa bir yerdə ehtiyacı olan xəstə həyatını itirə bilər. Ona görə də bu kimi halların qarşısının alınması üçün vətəndaşları məsuliyyətli olmağa sövq etmək vacibdir. Dünyanın hər yerində təcili yardım sistemi bütövlükdə fərqli prinsipdə fəaliyyət göstərir.Bu Qəzaya düşən, ağır durumda olan, ilk tibbi yardıma vacib ehtiyacı olan şəxslərə aiddir. Dünyanın heç bir yerində adi başağrısı kimi kiçik problemlərə görə, təcili yardım çağırılmır. İnsanlar öz-özünə ilk tibbi yardım göstərməyi bacarmalıdır. Onlar ailə həkimindən tövsiyyə alaraq problemi həll edə bilərlər. Təxirəsalınmaz stiuasiyalarda misal olaraq, travmalar, qanaxmalar çeşidlənərək ilk sıraya düzülməli və onlara birinci növbədə yardım edilməlidir".