“Bu cür şayiələrə inananlar COVID-19 pandemiyası zamanı vaksindən uzaqlaşdılar və bu da ölüm hallarına gətirib çıxardı”
Pediatr Vaqif Qarayev mart ayından etibarən poliklinikaların Avropa istehsalı yeni vaksinlərlə təchiz ediləcəyi müjdəsinin verib və valideynləri, mənasız dirəşmədən əl çəkərək uşaqlarını peyvənd etdirməyə çağırıb. Bunu da xüsusi vurğulayıb ki, peyvəndlər pulsuzdur! Həkim eyni zamanda qızılca ilə yanaşı hazırda skarlatina xəstəliyinin də uşaqlar arasında yayıldığını təəssüflə qeyd edib. Skarlatinanın əlamətlərini də göstərib: “Yanar əsnək (ağız boşluğundan qırtlağa qədər olan hissə), moruğabənzər dil. Romantika axtarmayın. Skarlatina adlı xəstəliyin spesifik əlamətləridir. Yayılıb bu xəstəlik uşaqlar arasında. Səpkili infeksiyadı. Müalicəsi nisbətən asandır, amma peyvəndi yoxdur! Başımızın bəlası qızılca da hələ davam edir. Göyöskürək də çoxalıb. Hər ikisinin təhlükəli ağırlaşmaları var. Və hər ikisinin də peyvəndi var! Uşaqlarınızı peyvənd etdirin!”. Tibb mütəxəssislərinin məsləhətlərinə baxmayaraq, valideynlər arasında hələ də peyvənddən yayınıb türkə-çarə üsulları ilə müalicələrə üstünlük verənlər var. Bəlkə də qınanmalı deyillər. Çünki bəzi hallarda insanlar tibbi müalicənin effekt vermədiyini, xəstəliyin məhz türkəçarə yoluyla aradan qaldırıldığını deyir. Nə bilmək olar? Bəlkə kimsə həqiqətən də türkəçarənin faydasını görüb. “Aşıq gördüyünü çalar” misalı. Qızılca xəstəliyi yayılandan indiyə qədər hətta eşşək südü ilə müalicə də gündəmə gəlib. Sosial şəbəkələrdə geniş müzakirələr açılıb, kimisi bunun faydasını gördüyünü, kimisi də uşaqlıq illərini yada salaraq nənəsinin onu eşşək südü ilə sağaltdığını xatırlayıb. Məsələ burasındadır ki, tibb elminin də eşşək südünə yanaşması birmənalı deyil. Ali savadlı həkimlər var ki, eşşək südünün həqiqətən də faydalı olduğunu bildirir. Elələri də var ki, bu versiyanı qətiyyən qəbul etmir. İnternet resurslarda eşşək südü ilə bağlı xeyli müsbət məlumatlar mövcuddur. Eşşək südünün xərçəng xəstəliyinə, bronxit, astma, osteoparoz (sümük əriməsi) kimi xəstəliklərə faydalı olduğu bildirilir. Məlumata görə, eşşək südü sinir hüceyrələrinin yenilənməsinə və immunitetin qüvvətlənməsinə yardımçı olur. Eşşək südünün tərkibində bol miqdarda omeqa-3 və omeqa-6 yağ turşuları mövcuddur. Bu səbəblə, ürək və damar xəstəliklərinin qarşısının alınmasına, altsheymerə və sinir sisteminə, xolesterolu salmağa çox faydalıdır. İnək südünə nisbətlə eşşək südündə 60 qat daha çox C vitamini var. Qəbizliyin qarşısını alır, bağırsaqları rahatlaşdırır. Eşşək südü dərini təmizləyir və qidalandırır. Bu məhsul bakteriyaöldürmə xüsusiyyətinə malikdir. Eşşək südündə inək südü və digər süd məhsullarına nisbətdə yağ və zülal aşağı səviyyədə olduğu üçün rahat həzm olunur.
Türkiyəli dosent, həkim Üfüq Usta da eşşək südünün müxtəlif allergik xəstəliklərə, həzm problemlərinə, ürək-damar sistemi xəstəliklərinə qarşı effektiv üsul olduğunu, yaşlanmanı gecikdirdiyini söyləyib. Eşşək südünün qızılcanın müalicəsində də faydalı olduğu barədə xeyli məlumatlar paylaşılır. Bu mülahizələri qəbul etməyənlər, belə xəbərlərin işbazlar tərəfindən məqsədli şəkildə yayıldığını iddia edirlər. Lakin ölkəmizdə eşşəklərin sayı yəni bu qədər çoxdur ki, fermasını yaradıblar, üstəlik, südünü də satışa çıxarırlar? Eşşək südünü soraqlaşa-soraqlaşa hansısa kənddən, bölgədən əldə etmək olar. Eşşək təsərrüfatı-filan da geniş yayılmayıb. Yenə də bitməyən müzakirələrin səbəbi eşşək südü ilə bağlı elmi izahın olmamasıdır. Nə qədər ki dəqiq, əsaslandırılmış elmi cavab olmayacaq, kimsə buna inanacaq, kimsə inanmayacaq.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bu fikirdədir ki, xalq təbabətinin faydalarını birdəfəlik kənara itələmək doğru olmaz:
" Xalq təbabətinin kökləri çox dərindədir. İnsanlar müxtəlif otlar, çiçəklər vasitəsilə xəstəlikləri müalicə etməyə çalışıb. Təbiətin bizə bəxş etdiyi elə möcüzələr var ki, hələ də onlardan xəbərsizik. Amma bu o demək deyil ki, müasir tibb elmini kənara qoyub yalnız xalq təbabətinə üstünlük verməli, xəstəliklərdən xilası onda görməliyik. Belə bir düşüncə çox zərərlidir və xəstəliklərin daha da yayılmasına, tüğyan etməsinə gətirib çıxarar. Ən çox da ona görə ki, hazırda xalq təbabəti üsullarını doğru-düzgün bilənlər də azdır, bəlkə barmaqla sayılacaq qədərdir. Bütün qida məhsullarında, əlbəttə, təbiidirlərsə, insan orqanizmi üçün faydalı elementlər var. Amma əsas məsələ qidalanmanın da düzgün qaydasını bilməkdir. Müxtəlif ağciyər xəstəliklərində əks-təsirinə görə bu süd müəyyən önəm daşıyır. Amma - “eşşək südü yüz faiz qızılcanı aradan qaldırır”, demək düzgün deyil. Bu süddən necə istifadə edilməli olduğunu da çox insan bilmir. Bu cür şayiələrə inananlar COVID-19 pandemiyası zamanı vaksindən uzaqlaşdılar və bu da ölüm hallarına gətirib çıxardı. İnfeksion xəstəliklərlə mübarizədə əsas silah peyvənddir. Uşaqlar vaxtlı-vaxtında peyvənd edilsələr, yoluxma sayı azalar, xəstəlik də yüngül keçər, ağırlaşmalar olmaz".