Doktordan xəbərdarlıq: Mədəkiçiltmə əməliyyatı mürəkkəb bir prossesdir

Mədəkiçiltmə əməliyyatı dünyada geniş yayılmış bariatrik əməliyyat növüdür. Ancaq bu əməliyyatdan sonra ölənlərin sayı da az deyil. Bəs prosedur hansı fəsadlara səbəb olur? Bu əməliyyat həqiqətən təhlükə riski yaradırmı?

Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında deyib  ki, mədəkiçiltmə əməliyyatı mürəkkəb bir prossesdir:

"Pasientlər mədəkiçiltmə əməliyyatı zamanı xüsusi proqramdan keçməlidir. Artıq çəkinin miqdarı hesablanmalı və psixoloqla söhbətlər aparılmalıdır. Birbaşa cərraha müraciət edərək əməliyyata girmək yanlışdır. Yəni dietoloqla birgə işləmək lazımdır. İstədiyin çəkiyə pəhriz ilə nail ola bilirsənsə, əməliyyata girməyə ehtiyac yoxdur. İlk növbədə hormonal tarazlıq norması yoxlanmalı, çəkinin artma səbəbləri araşdırılmalıdır. Xəstənin şəkəri varsa, stabilləşdirildikdən  sonra prosses həyata keçirilə bilər". 

Doktor qeyd edib ki, mədədə bir neçə hüceyrə mövcuddur:
"Həmin hüceyrələrin əməliyyat zamanı hansı hissəsinin götürüldüyü sual altındadır və sonradan problemlər yarada bilər. Məsələn, turşu ifraz edən hüceyrələr tam götürülsə, bağırsaqların mikroflorasına təhlükə yarada bilər. Sözügedən əməliyyat növü tək bir cərrahın səlahiyyətində deyil. Bu səbəbdən diqqətli olmaq lazımdır. Söhbət adi bir əməliyyatdan getmir".