Kişilərdə ürək xəstəliyi artıb: Professor səbəbləri AÇIQLADI

"Azərbaycan kişilərin ürək xəstəliklərinə görə dünyada 1-ci yerdədir”.                                                  Bu sözləri sosioloq Elçin Bayramlı öz feysbuk hesabında paylaşıb. Maraqlıdır, bu xəstəliyin Azərbaycanda və xüsusi ilə kişilər arasında geniş yayılmasının əsas səbəbi nədir?

Məsələni dəyərləndirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, bütün dünya üzrə ürək xəstəliklərinin sayı artıb:

"Bu xəstəliyin günümüzdə geniş yayılması məntiqi görünür. Çünki insanların həddindən artıq qida qəbul etməsi, hərəkətsizlik və fiziki aktivliyin azalması xəstəliyi yaradan əsas amillərdəndir. Yağlı qidalar və trans yağlar mübadilə pozuntusuna səbəb olur. Hətta, xolesterinin yüksəlməsinə gətirib çıxarır. Sonda isə damarlar daralır. Ola bilsin ki, digər xalqlarla müqayisədə Azərbaycan vətəndaşları daha tənbəldir. Xüsusən şadlıq saraylarında və rəstoranlarda qida qəbulu günortadan sonraya təsadüf edir. Bu da aktivliyə maneə törədir. Orqanizmdə qəbul edilən qida ilə sərf olunan enerji arasında balans şəraiti qurulmalıdır. Sağlam qidalanma və yaşam tərzi bundan ibarətdir. Siqaretdən istifadə, alkaqol içkilərin qəbulu da ürək xəstəliyinin yaranmasına səbəb olur. Azərbaycan bu statistikada ön sıralardadırsa, əhali qeyd olunan şərtlərə əməl etməli, daha diqqətli olmalıdır".