İcbari tibbi sığorta fondunun maliyyə vəsaiti hesabat ilində 2 milyard manata yaxınlaşıb.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir:
“154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”.
Komitə sədri xatırladıb ki, hesabat ilində “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər bu sahədə problemlərin aradan qaldırılmasına şərait yaradacaq.
Təklifi uğurlu hesab etdiyini deyən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında qeyd edib ki, bu insanların maddi durumuna kömək edəcək:
"Dünya ölkələrində şəkərli diabet, onkoloji, vərəm xəstələri dövlət nəzarətindədir və təyinatla müalicə alırlar. Çünki həmin xəstələr uzunmüddət müalicə olunmalıdırlar. Buna görə də onların bütün dərmanları almağa maddi gücü çatmır. Məsələn, insanda şəkər xəstəliyi varsa, ondan qurtulmaq qeyri-mümkündür. Şəkərli diabetdən əziyyət çəkən adamlara qeydiyyatda olduğu ərazilərdə dərmanlar pulsuz verilir. Vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi isə tam başa çatdıqdan sonra da nəzarətdə saxlanılır. Eyni zamanda bu pasientlər qeydiyyata alınaraq stasionar şəraitdə müalicələrini davam etdirirlər. Onkoloji xəstəliklər də uznmüddətli olur. Burada cərrahi əməliyyatla iş bitmir və kimyaterapiyalar kifayyət qədər çox məbləğ tələb edir. Fikrimcə,qərar xəstəliklərin tez aşkar olunması və müalicəyə zamanında başlamaq üçün effektiv olacaq"