Bayram günlərində insanlar qida rejimini pozublar -Professordan Açıqlama

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 15 mindən çox müraciət daxil olub. Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bildirilib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20-26 martda 15 763 çağırış daxil olub. Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən 1 596 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Daha çox 21, 22 və 23 martda müraciət qeydə alınıb. Belə ki, martın 21-də müraciət sayı 2 311, hospitalizasiya olunanların sayı 247, martın 22-də müraciət sayı 2 366, hospitalizasiya olunanların sayı 214, martın 23-də isə müraciət sayı 2 314, hospitalizasiya olunanların sayı isə 252 təşkil edib. Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.

Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, istirahət günlərində təcili tibbi yardım xidmətinə müraciət edənlərə daha çox rast gəlinir:
"Vətəndaşların bayramda 1 həftə evdə qalmasını nəzərə almaq lazımdır. Paytaxtda tıxacların azalması bir daha sübut edir ki, insanların əksəriyyəti rayonlara, bir qismi xaricə üz tutdular. Paytaxtdakı pikniklərdə,restoranlarda, ailə mühitində bayram keçirən şəxslər də oldu. Bu zaman isə həddən artıq qida, alkaqol qəbulu, əyləncələr zamanı travmalar müraciətlərin sayına təsir göstərib. Bayram süfrələrindən sonra kalorinin yanması üçün idman etmək lazımdır. Dünyanın hər yerində həftəsonları vətəndaşlar kütləvi idman edirlər. Fikrimcə, bu Azərbaycanda da təşkil olunmalıdır. Təəssüflər olsun ki, müşahidələrə nəzərən bulvarda da gəzişən adamların saynını az olduğunu görürük. Statistika göstərir ki, bayram günlərində insanlar qida rejimini pozublar ".                                             

A.Qeybulla vurğulayıb ki, təcili yardım sisteminə kökündən dəyişiklik etmək lazımdır :                                                            
"Çünki təcili yardım həkimi xəstənin yanına çatdırmaq üçün deyil ,xəstəni, yaralını həkimə aparmaq üçün vacibdir. Dünyanın heç bir yerində belə bir qayda yoxdur. Sadəcə olaraq bizə bu vərdiş Sovet dövründən qalıb. Ümid edirik ki, bu sistem də formalaşaraq, Qərb standartlarına uyğunlaşacaq".