Professor: Narkomana cinayyətkar kimi yox, xəstə kimi yanaşmaq lazımdır

Ombudsman Respublika Narkoloji Mərkəzi və penitensiar müəssisələrdəki problemlərdən danışıb. Psixi sağlamlıq və insan hüquqları haqqında danışarkən narkomaniya probleminə toxunmamaq mümkün deyil. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ölkədə narkomaniya ilə bağlı problem aktuallığını qorumaqdadır. Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib. Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniyadan əziyyət çəkən şəxslərin hüquqlarının təmin edilməsi vacib məsələlərdəndir və tərəfimizdən diqqətdə saxlanılır. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi də mövcuddur:                                                                                                                                  
"Bu gün ölkəmizdə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla - narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar mövcuddur. Bu isə ciddi problemlərə, orada reabilitasiya keçən insanların həyat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır. Bu gün cəmiyyətimizdə hələ də psixi sağlamlıqla bağlı stereotiplər qalmaqdadır. Düzdür, əvvəlki dövrlərə müqayisədə cəmiyyətin baxışı bu məsələdə müsbətə doğru dəyişməkdədir, lakin hələ də, psixiatriyanı, psixi sağlamlıqla bağlı məsələnin “ayıb, xoşa gəlməyən” hal kimi qiymətləndirilməsi, psixiatra və psixoloqa müraciət edilməməsi, bundan mümkün qədər qaçılması geniş yayılmışdır. Diskriminasiya, stiqmatizasiya halları da hələ də cəmiyyətimizdə mövcuddur. Bu isə bir sıra hallarda faciəvi nəticələrə gətirib çıxarır. Digər narahatedici məqam psixoloqların bəzi hallarda psixiatr qismində çıxış etmələri, müvafiq müalicə aparmaq cəhdləridir ki, bu da qəbuledilməzdir. Yeri gəlmişkən, bu gün ölkəmizdə müvafiq tam təhsili və təcrübəsi olmadan psixoloq kimi fəaliyyət göstərən şəxslərin sayı da təəssüf ki, az deyil”.

Məsələni dəyərləndirən professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, Cəmiyyət olaraq natamamlıq kompleksi yaşayırıq:

"Məsələn, bir çoxu xəstəliklərini gizlədir. İnsanlar bilməlidir ki, xəstəlik şəxsi həyat göstəricisi deyil. Hər bir şəxs xəstələnə bilər, müalicə almaq hüququ var və almalıdır. Cəmiyyətdə narkomanlarla bağlı getdikcə təsəvvürlər dəyişir. Narkomana cinayyətkar kimi yox, xəstə kimi yanaşmaq lazımdır. Onları başa salmaq, yönəltmək vacibdir. Psixi xəstəliklərə gəldikdə isə bu psixoloqun deyil, psixiatrın səlahiyyətindədir. Xüsusi ilə şizofreniyalar, ağır psixozlar yaxşı olardı ki, stasionar və ambulator müşahidə də olsun. Bu cür şəxslər anlaqlı vəziyyətdə olmayıb ağır cinayyətlər törədə bilərlər. Həmin xəstələrdən cəmiyyət əziyyət çəkməsin deyə, onların sağlamlıq göstəriciləri təhlükəsizlik həddində saxlanılması vacibdir".