Trans yağlar bədxassəli şişlərin əmələ gəlməsində əsas rola malikdir.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Əhliman Əmiraslanov qeyd edib ki, hisə verilmiş ət məhsulları, heyvan mənşəli piylər bədxassəli şişlərin əmələ gəlməsi səbəb olur: "Sağlam qida olmadan insan sağlamlığı haqqında danışmaq çətindir”.
Qida eksperti, Qida Təhlükəsizliyi Hərəkatı Qida Məhsulları Texnologiyaları Departamentinin rəhbəri Ağa Salamov “Sherg.az"a bildirib ki, kolbasalar da hisə verilmiş ət sayılır və ölkəyə idxal olunur:
“Şiş xəstəlikləri deyəndə nitrozaminlərdən söhbət gedir. Ümumiyyətlə hisə verilmiş ət məhsullarında nitrat duzları var. Məsələn, kolbasalarda nitrat duzlarından istifadə olunur. Nitrat duzu zülalla reaksiyaya girərək nitrozaminləri ortaya qoyur. Nitrozaminlər də birbaşa şiş xəstəliklərinin yaranmasının səbəbkardır. Yəni şiş xəstəliklərinin artmasında dəstəkçi bir rol oynayır. Təbii ki, insanlar hisə verilmiş kolbasa yeyə bilərlər. Hisə verilmiş ət məhsullarını isə delikates şəklində istehlak edilməlidir. Çünki hisə verilmiş müəyyən balıq və yaxud ət məhsullarında iki dənə kanserogen maddə əmələ gələrək şiş xəstəliyinin çoxalmasında dəstəkci rol oynayır. Ümumiyyətlə yemə deyə bir qadağa yoxdur. Ancaq bu məhsullardan delikates şəklində az miqdarda ağız dadını dəyişmək məqsədi ilə həftədə və ayda bir dəfə yemək olar. Hər gün bu məhsulları yemək düzgün deyil”.