Terapevt: Təcili yardım həkiminin işi ağırdır, məsuliyyətlidir

Yüksək əmək haqqı təklif edilməlidir ki, həkimlər təcili yardımda işləməyə həvəsli olsunlar 

“Təcili yardımda çalışan elə həkimlər var ki, intubasiya prosesini bilmirlər. Bunu yalnız reanimasiya həkimləri bacarır. Türkiyə həkimlərinə desən ki, bizim təcili yardım həkimləri bunu bilmir, təəccüb edəcəklər”

“Son zamanlar ambulanslara yol açan avtomobil sürücüləri çoxalıb. Amma, yollardakı sıxlıq ümumi problemdir. Bəzən elə vəziyyət yaranır ki, avtomobillər ambulansa yol açmaq imkanına malik olmur”


Bakıda Tbilisidən iki dəfə az ambulans var. Bu prpoblem Milli Məclisin ötən toplantısında millət vəkili Zahid Oruc tərəfindən səsələndirilib. Millət vəkili qeyd edib ki, paytaxtda rəsmi olaraq 2,5 milyon, qeyri-rəsmi isə bundan da çoxsayda əhali yaşayır.  Paytaxtda isə 139 ambulans – təcili yardım maşını fəaliyyət göstərir. Deməli, 18 min nəfərə 1 ambulans düşür. Tbilisinin əhalisi isə 1,2 milyondur, amma təcili yardım maşınlarının sayə 200-ə yaxındır. Uzun illərdir, təcili tibbi yardım sahəsində mövcud problemlər gündəmə gətirilir, lakin ambulans avtomobillərin çatışmazlığı, təcili yardım həkim briqadalarının azlığı, çağırışlara gecikmələr həllini tapmır. Xatırladaq ki, təxminən 1 il əvvəl TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirildi. Bu qərar “əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində” atılan addım kimi təqdim olundu. Bildirildi ki, respublika əhalisinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulması məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunur. 
Amma nəticə etibarilə problemlər həllini tapmayıb. 

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında təcili yardım sahəsində təkmilləşməyə ehtiyac duyulan sahələrdən danışdı: 
- İlk növbədə təcili tibbi yardım stansiyaları, təcili yardım maşınları müasir tibbi avadanlıqlarla təchiz edilməlidir. Bu sahədə bəzi problemlərimiz var. Məsələn, Türkiyə “ACİL”ləri ilə müqayisədə bizdə texniki məsələlərdə çatışmazlıq görünür. İkinci məsələ isə təcili yardım xidmətində taktiki dəyişikliklərə gedilməsinin vacibliyidir. Təcili yardımda çalışan elə həkimlər var ki, intubasiya prosesini bilmirlər. Bu, xəstənin nəfəs yolunu açmaq, xəstənin nəfəs almasını təmin etmək üsuludur. Bunu yalnız reanimasiya həkimləri bacarır. Türkiyə həkimlərinə desən ki, bizim təcili yardım həkimləri bunu bilmir, təəccüb edəcəklər. Yaxud da artıq nəfəsi kəsilmək üzrə olan, ya da qəza keçirmiş adamın nəfəs almasını təmin etmək üçün boğazda xüsusi alətlə dəlik açılması prosesi var. Bunlar risqli əməliyyatlar sayılır və hər həkim də buna cürət etmir. Lakin məsələ insan həyatının xilasıdırsa, həkim hər cür risqləri gözə almalıdır. Ürəyin fəaliyyəti dayandıqda elektroşokdan istifadə edirlər. Amma digər risqli proseslərə getmirlər. Azərbaycanda təcili yardım SSRİ, Rusiya təcrübəsindən istifadə edir. Halbuki dünyada artıq Avropa səhiyyə təcrübəsi mövcuddur. Türkiyə təcili yardımı da Avropa tərcübəsinə əsaslanır. Yaxşı olar ki, bizdə də təcili yardım köhnə sovet modelindən xilas olsun. Taktiki dəyişikliklərə gedilsin. 

Ş.Məmmədov təcili yardım briqadalarının çağırışlara gecikməsinin bir neçə səbəbi olduğunu dedi: 
- Əvvəla, bəli, ambulansların sayı əhali sayı ilə müqayisədə çox azdır. Millət vəkili tamamilə doğru söyləyir. Bakıda qeyir-rəsmi məskunlaşmış əhali sayı rəsmi qeydiyyatda olanlarla az qala eyni saydadır. Regionlardan paytaxta iş ardınca gələnlər, onların ailələri, təhsil alanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanların rəsmi qeydiyyatı yoxdur. Bu da təcili yardımın işini çətinləşdirir. Sənədsiz evlər problemi təcili yardmın fəaiyyətini pozur. Çağırış edilir, amma vətəndaş ev ünvanı söyləyə bilmir. Başlayır, təxmini, haranısa nişan verməyə, yer göstərməyə, “filan yerə gəlin, sizi qarşılayacağıq”, deyirlər. Təcili  yardım evləri axtara-axtara qalır. Bu da vaxt aparır.  Digər böyük problem yollardakı tıxaclardır. Doğrudur, son zamanlar ambulanslara yol açan avtomobil sürücüləri çoxalıb. Amma, yollardakı sıxlıq ümumi problemdir. Bəzən elə vəziyyət yaranır ki, avtomobillər ambulansa yol açmaq imkanına malik olmur. Yaxşı olar ki ambulanslar üçün, harada imkan varsa, xüsusi zolaqlar müəyyən edilsin. Ambulans maşınları avtobus zolaqlarından istifadə edə bilsinlər. Şəhərdəki ümumi sıxlıq ambulansların hərəkətini çətinləşdirir, ləngidir.

Ş.Məmmədov təcili yardım hıəkimlərinin əmək haqqından da danışdı: 
- Təcili yardım həkiminin işi ağırdır, məsuliyyətlidir. Yüksək əmək haqqı təklif edilməlidir ki, həkimlər təcili yardımda işləməyə həvəsli olsunlar. 

Qeyd edək ki, təcili yardım həkimlərinin aylıq vəzifə maaşı iş təcrübəsindən asılı olaraq 400-1300 manatarası dəyişir.