Valideynlər uşaqlarına yerə düşmüş qidanı yeməyi qadağan edir. “Yerə düşdü, yemək olmaz”, deyib, həmin qidanı uşağın əlindən cəld alıb bir kənara qoyurlar. Deyilənə görə, yerə düşən qida və ya ərzağın bir parçası 5 saniyə içində minlərlə bakteriyaya bulaşır. Alimlərin yeni tədqiqatı isə fərqli nəticə ortaya çıxarıb.
“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, alimlər yerə düşmüş qidaların orqanizmə nə dərəcədə təhlükəli olduğunu müəyyənləşdirmək üçün tədqiqat aparıb. Tədqiqatçılar 5 saniyədə çirklənmə qaydasını əfsanə adlandırıb. Alimlər qeyd edib ki, yerə düşmüş qidanın çirklənməyə məruz qalması onun növündən asılıdır. Məsələ qidanın növündə və onun hara, hansı səthə düşməsindədir. Məsələn, qarpız dilimi, digər meyvə dilimləri, sulu, şirəli qidalar, quru qidalara nisbətən daha tez çirklənməyə məruz qalır. Eyni zamanda yerə düşmüş qidanın yerdə nə qədər qaldığı da önəmlidir. Uzun müddət qalırsa, əlbəttə, daha çox çirklənməyə məruz qalacaq. Mənzillərdə bakteriyaların ən çox toplandığı yer sanitar qovşağı, hamam və mətbəx hesab edilir. Lakin yeni tədqiqat zamanı oturma otağının mətbəxə nisbətən daha çox bakteriya mənbəyi olduğu bilinib. Küçədə də zərərli bakteriyalar çoxdur. Səkilərdə toplaşmış gölməçələrdə hər 100 millimetr suyun tərkibində 30.000 bakteriya mövcuddur. Küçədə hərəkət edən insanların ayaqqabıları ilə bakteriyaları ora-bura daşıdıqları nəzərə alınarsa, küçədə yerə düşmüş qidanı qaldırıb yemək orqanizmin zərərli bakteriyalarla təmasına səbəb olacaq. Yerə düşmüş qidanı suyun altına tutub yumaq da fayda vermir. Su qidanın üzərinə yapışmış bakteriyaları qısa zamanda yuyub aparmağa qadir deyil. “Food and Wine”a danışan daxili xəstəliklər üzrə professor Vendi Lebrett, 5 saniyə şərtinin bir əfsanə olduğunu deyib. Tədqiqat zamanı alimlər 4 qida üzərində təhlil aparıb. Bunlar qarpız, çörək, kərə yağı və saqqızdır. Yerə düşdükdən sonra qarpız dilimində 97, çörək və kərə yağında 82, 94, saqqızınsa daha az – 62 faiz bakterioloji çirklənməyə məruz qaldığı görünüb. Alimlər təsdiq edib ki, qida yerə düşdüyü andaca bakteriyalarla çirklənir. Çirklənmə bir andaca baş verir. Qidalar təhlükəli bakteriyalar sayılan salmonella, Koli Basili, Listeria ilə çirklənir və mədə-bağırsaq pozğunluğu, qusma, ishal, qızdırmaya səbəb olur. Hər il ABŞ-də 48 milyon insan qida çirklənmələrindən xəstələnir.