ABŞ-ın Kaliforniya ştatında son 10 ildə meşə yanğınlarının tüstüsü səbəbilə ən azı 52 min insan vaxtından əvvəl öldüyü müəyyən edilib.
Medicina.az xəbər verir ki, “Science Advance” elmi jurnalında dərc olunan araşdırma çərçivəsində ABŞ alimləri meşə yanğını riskinin yüksək olduğu Kaliforniyada tüstünün tərkibindəki incə hissəciklərin (PM2.5) insan sağlamlığına təsirini araşdırıblar.
Alimlər 2008-2018-ci illər arasında Kaliforniyada meşə yanğınlarının yaratdığı çirklənmə nəticəsində 52-55 min insanın erkən yaşda öldüyü qənaətinə gəliblər.
Araşdırmada eyni dövrdə Los-Anceles şəhərində meşə yanğını tüstüsü səbəbiylə 9 mindən çox adamın öldüyünə diqqət çəkilib. Los-Ancelesin bu baxımdan ölüm nisbətinin ən yüksək şəhər olduğu ifadə edilib.
Kaliforniya Universitetinin (UCLA) alimləri meşə yanğını tüstüsünün tənəffüs və ürək problemləri kimi bir çox sağlamlıq probleminə səbəb olduğunu vurğulayıblar.
Qeyd edilib ki, 39 milyon əhalisi olan Kaliforniya kimi, iqlim dəyişikliyinə görə meşə yanğınları riskinin yüksək olduğu yerlərdə yanğının təsirlərini azaltmaq üçün uzunmüddətli addımların atılması vacibdir.