Xəstəlikdən qorunmağın ən yaxşı yolu baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməməkdir
Yoluxucu xəstəliklərin ardı-arası kəsilmir. Ötən ilin payızından ölkədə tüğyan edən, onlarla uşağın həyatına son qoyan qızılca virusu təzəcə səngimişdi. İndi də qarayara xəstəliyi əhali arasında təşviş yaradıb.
Məlumat verildiyi kimi, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.
Xəstələrdən birində qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə qarayara şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Laborator müayinələrin nəticələrinə əsasən, digər iki şəxsdə də qarayara xəstəliyi diaqnozu təsdiqlənib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir və tibbi protokola uyğun olaraq müalicələri davam etdirilir, dinamika müsbətdir.
Qeyd edək ki, qarayaranın elmi dildə adı Sibir xorası kimi çəkilir. 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-də isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə baş verib. Bu epidemiya 10 mindən artıq insanın həyatına son qoyub. Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanların, həmçinin insanların xüsusi təhlükəli xəstəliyidir. Xəstəlik at, qaramal, qoyun və s. heyvanlarda ildırımvari, iti və yarımiti formada, donuzlarda isə əsasən məhdud angina formasında, xəzdərili heyvanlarda isə yem infeksiyası şəklində büruzə verir. Xəstəliyin ən çox yayılmış forması dəri yarasıdır. Bu, 95 faiz təşkil edir. Qarayara xəstəliyinin insanlarda əsas əlamətləri əllərdə və bədənin digər nahiyələrində nekrozlu sahələrin (karbunkullar) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və s. ilə müşahidə olunur.
Son illərdə insanlarda aşkarlanan infeksiyaların 75 faizinin zoonoz olduğunu xatırladan həkim-infeksionist Günel Quliyeva isə “Sherg.az"a açıqlamasında deyib ki, Sibir yarası xəstəliyinin insanda dəri, ağ ciyər, bağırsaq və septik formaları olur. Xəstəliyin törədicisinin sporları ətraf mühitə qarşı çox davamlıdır:
“Xəstəliyin sporları onillər boyu öz yoluxdurma qabiliyyətini qoruya bilir. Xəstəlik insanlara infeksiyalı heyvanlardan birbaşa və yaxud dolayı yolla - əksər hallarda dəridən, nadir hallarda isə həzm sistemi və tənəffüs sistemi vasitəsilə yoluxur. Yəni heyvandakı yaraya toxunmaqla təmasda olanın dərisindəki sızaq və sıyrılmış yerlər Sibir xorasının sporları üçün ən münbit ocaqdır. Sporlar xəstə heyvanın ətinin yeyilməsi ilə həzm sisteminə, xəstəlik törədicilərinin havadakı sporları vasitəsilə tənəffüs sisteminə yoluxa bilir. Xəstəlik insandan insana keçmir. Simptomları, gedişi; gizli dövrü bir neçə saaatdan 2-14 günə qədər ola bilər. İnsanda ən çox dəri formasında keçir (95-99 faiz hallarda) və yalnız 1-5 faiz hallarda ağ ciyər və bağırsaq formasında keçir”.
Həkimin sözlərinə görə, xəstəliyin ən çox rast gəlinən forması dəri formasıdır. Daha çox əl, qol, boyun və üz nahiyələrində görünür:
“Dəri infeksiyası böcək sancmasına bənzər şəkildə qabarıq, qaşıntılı bir şişkinlik olaraq inkişafa başlayır. Əvvəlcə qırmızı qaşınan ləkə əmələ gəlir, sonra papulaya çevrilir, daha sonra tərkibi şəffaf və ya hemorragik maye ilə dolu vezikulaya çevrilir. Qaşınma nəticəsində partlayır, ortasında qara yara əmələ gəlir və çoxlu seroz maye axır. Yara əmələ gələn dövrədə qızdırma başlayır, 5-7 gün davam edir, ümumi zəiflik, əzginlik, baş ağrıları olur. Sonra isə bütün proses geriyə inkişaf edir, temperatura düşür, qaysaq inkişaf edir. 10-14 gündə qaysaq qopur, irinli-qranulyasiya başlayır, sonra çapıqlaşır. İnfeksiyanın insandan insana keçməsi normal şəraitdə mümkün deyil. Bunun üçün də xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır”.
İnfeksionistin sözlərinə görə, qarayara xəstəliyindən qorunmaq üçün təsərrüfatda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalı, yeni heyvan aldıqda karantində saxlanmalıdır: “Heyvanlar dövri olaraq peyvəndlənməlidir. Qarayaraya qarşı peyvəndləmə dövlət tərəfindən ödənişsiz olaraq həyata keçirilir”.