İnsanların üzləşdiyi problemlərdən biri də yuxusuzluqdur. Bu problemin həlli üçün bir sıra vasitələrdən istifadə edilir. Onlar da özlüyündə insan orqanizmi üçün ziyanlıdır.
Bəs yuxu probleminin yaranmasının əsas səbəbləri nədir?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim nevroloq Jalə Qarayeva bildirib ki, yuxu pozğunluğu özünü müxtəlif şəkildə göstərir.
“Gecələr bir neçə dəfə yuxudan ayılmaq, səhərlər yuxudan tez oyanmaq yuxu pozuntusunun təzahür formalarıdır. Bunun əsas səbəbi yuxu rejimimizi aşağı salmağımızdır. Bəzi dərmanlar da yuxu pozğunluğunun yaramasına səbəb olur. Nikotin, spirtli içki və kofe də yuxunu pozanlar siyahısındadır. Mühiti dəyişdiyimiz və çox stressə məruz qaldığımız zamanda bu problemlə üzləşirik. Gecələr normal yatmasaq, günboyu yuxulu və yorğun oluruq. Bu isə gündəlik işlərimizin çətinləşməsinə səbəb olur".
Jalə Qarayeva qeyd edib ki, bu problemin aradan qalxması üçün spirtli içkidən və kofedən maksimum uzaq qalmaq lazımdr.
"Axşam yatmazdan bir neçə saat əvvəl qidalanmaq məsləhət görülmür. Bu, yuxu balansının pozulmasına səbəb olur. Yuxunu tənzimləmək üçün axşamlar kofe içmək məsləhət deyil, səhərlər içmək daha məqsədəuyğundur. Normal yuxu saatı isə 8 saatdır. Amma bəzi insanlar da var ki, 8 saatdan da çox yatsalar, yuxudan doymurlar. Çox yatmaq da insan orqanizmi üçün zərərlidir. Hər iki hal insanlarda diqqət əskikliyi, əsəb və gərginlik yaradır”.
Nevroloqun sözlərinə görə narkolepsiya xəstəliyi isə olduğun məkandan asılı olmayaraq yatmaqdır.
“Bu xəstəlik anadangəlmə olmur və insan orqanizmində sonradan meydana gəlir. Olduqca təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur. Məsələn, maşın sürə- sürə birdən yuxulamaq qəzaların baş verməsinə və can itkilərinə səbəb olur. Bəzi hallarda insanlar yuxu dərmanlarından istifadə edirlər. Bu dərmanlardan uzunmüddətli istifadə etmək zərərlidir. Yuxu dərmanlarını həkim məsləhəti olmadan içmək məsləhət görülmür və davamlı istifadə bağımlılıq yaradır. Bu da həmin dərmanlar olmadan yuxuya getməyi çətinləşdirir”.