Xərçəng riskini, ürək-damar xəstəliklərinə tutulma ehtimalını artırır
Orqanzmin immunitetini yüksəltmək üçün sağlam qidalanma əsas şərtdir. Lakin təəssüf ki, günümüzdə keyfiyyətli qidalara çox az rast gəlinir. Üstəlik, insanlar da bilərəkdən, ya da məlumatsız olduqlarından zərərli qidaları daha çox qəbul edirlər. Bu gün insanların süfrələrindən heç əksik etmədikləri elə qidalar var ki, orqanizmə birbaşa ziyandır. Tütün qədər zəhərlidir. Amma insanlar onlardan böyük məmnuniyyətlə istifadə edir, süfrəyə gətirir, hər kəsə də təklif edirlər. “Sherg.az” “NTV.com.tr”yə istinadən orqanizm üçün təhlükəli qidaların siyahısını təqdim edir. Bu qidalar barədə “Nyu-York Post” qəzeti ictimaiyyətə məlumat verib. Qəzetin yazdığına görə, hər bir insan gün ərzində bəlli miqdarda protein, karbohidrat, yağ, zülal, vitamin və minerallar qəbul etməlidir. Bu maddələrsə qidalarda fərqli ölçülərdədir. Bəzi qidalar karbohidratla zəngindir, digər faydalı maddələrə malik deyil. Elə qidalar da var ki, həm vitaminlərlə, həm də minerallarla tarazlı bir şəkildə zəngindir. Mütəxəssislər bütün hallarda təzə, təbii qidalara üstünlük verilməsini tövsiyə edir. Tərkibində protein olan qidalar, təzə meyvə-tərəvəz, dəniz məhsulları, süd və süd məhsulları faydalı qidalardır. Orqanizmə zərər verən qidalarsa bunlardır:
İşlənmiş ət: Səhər yeməyi zamanı bir çoxunun sevdiyi kolbasa, sosiska məhsulları, onların qızardılmış növləri, qızardılmış ət, toyuq, sağlamlıq üçün qorxunc təhlükə daşıyır. Sosiskalı sendviçlər, fast-food növləri, paketlənmiş sucuk və kolbasa dilimləri menyudan tamamilə çıxarılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatı işlənmiş ətləri 1 qrup kanserogen qidalar sinfinə daxil edib. Qızardılmış ətlər xərçəng riskini, ürək-damar xəstəliklərinə tutulma ehtimalını da artırır, damarlarda kirəclənməyə səbəb olur. Rafinə olunmuş karbohidratlar – ağ çörək, düyü, makaron məmulatları, unlu məmulatlar, pizza və buna bənzər xəmirli qidalar orqanizmə ziyandır. Rafinə edilmiş qidalar bədəndə iltihab yaradır, qanda şəkərin faizini artırır. Artıq çəkiyə, kökəlməyə səbəb olur. Doymamış yağlar da bu qəbildəndir. Hidrogenlənmiş yağlar ölüm faizini artırır. İnsanlar bəzi məhsulları alarkən paketin üzərindəki qeydlərə diqqət etməlidir. Əgər məhsulun tərkibində hidrogenlənmiş yağ varsa, həmin məhsuldan uzaq durmaq lazımdır. Tərkibində təbii şəkər olan qidalara üstünlük verilməlidir. Şirinləşdirilmiş, qazlı içkilər orqanizm üçün çox zərərlidir.