İctimai və dövlət maraqlarının müdafiəsi
Xərçənglə mübarizədə ailələrin maliyyə yükü azalacaq
Onkoloji xəstəliklərin erkən diaqnostikası icbari tibbi sığorta paketinə daxil edilib. Bu, ən təhlükəli xəstəliklər siyahısında ön sırada dayanan onkoloji xəstəliklərin erkən təşhisinə imkan verəcək. Erkən diaqnostikanın icbari tibbi sığorta hesabına qarşılanması dövlətin səhiyyə sahəsində apardığı uğurlu islahatların nəticəsidir. Bununla dövlətimiz vətəndaşların sağlamlığının qarantı rolunda çıxış etdiyini əyani göstərir. Orqanizmdə xərçəngə çevrilmə riski yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasının təmin edilməsi barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilir ki, bu hüceyrələr adətən normal hüceyrələrin yerini alaraq onları zədələyir, sürətlə çoxalır və orqanizmin digər hissələrinə yayılır. Şişönü xəstəliklər müxtəlif orqan və toxumalarda meydana gələ bilər. Bu xəstəliklərin erkən mərhələdə aşkarlanması və müalicəsi gələcəkdə inkişaf edə biləcək xərçəng hallarının qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir. Bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür. Şişönü xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir. Maqnit rezonans tomoqrafiya (MRT) bədənin daxili strukturlarını detallı şəkildə göstərir və bir çox hallarda şişönü dəyişikliklərin aşkarlanmasını təmin edir. Bu metod, xüsusilə yumşaq toxumaların görüntülənməsi üçün effektivdir. Kompüter tomoqrafiyası (KT) skanerləri bədənin müxtəlif hissələrinin detallı görüntülərini təqdim etməklə şişlərin yerini və ölçüsünü müəyyənləşdirməyə imkan yaradır. Bu metod xüsusilə bərk toxumalarda və orqanlarda şişlərin aşkarlanması üçün istifadə olunur. İTSDA-nın məlumatına görə, digər bir diaqnostik metod olan kolonoskopiya, kolorektal (yoğun və düz bağırsaq) xərçəngə çevrilmə potensialı yüksək olan şişönü lezyonların erkən diaqnostikasında geniş istifadə olunur. Bu prosedur zamanı həkim endoskop vasitəsilə kolonun daxili divarlarını yoxlayır. Şübhəli bölgələr tapıldıqda biopsiya nümunələri götürülür və laboratoriyada analiz olunur. Qastroskopiya mədə və onikibarmaq bağırsaqda (duodenum) şişönü dəyişikliklərin diaqnozu üçün istifadə olunur. Bu metod mədə-bağırsaq traktının yuxarı hissəsinin görüntülənməsini təmin edir və şişlərin erkən aşkarlanmasına kömək edir. Kolposkopiya uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəlikləri erkən mərhələdə müəyyən etmək üçün istifadə olunan yüksək dəqiqliyə malik ginekoloji müayinə metodudur. Bu müayinə prosesində kolposkop cihazı ilə uşaqlıq boynu optik olaraq incələnir. Şübhəli bölgələr aşkarlandığı halda isə həmin hissələrdən nümunələr götürülərək laborator analizlərə göndərilir. Histeroskopiya qadın sağlamlığının qorunması və erkən diaqnostika üçün ən müasir metodlardan biridir. Bu prosedur zamanı histeroskop cihazı uşaqlıq boşluğuna daxil edilir və görüntü real vaxtda ekrana ötürülür. Bu sayədə uşaqlıq daxilindəki hər hansı patologiya çox asanlıqla müşahidə edilə bilir. Bu müayinə bir çox ginekoloji xəstəliklərlə yanaşı, uşaqlıq xərçənginin və şişönü xəstəliklərin aşkar edilməsində həyata keçirilən vacib müayinə metodudur. Mammoqrafiya süd vəzilərinin və ətraf limfa düyünlərinin rentgen vasitəsilə müayinəsini təmin edən vacib bir diaqnostika üsuludur. Bu metod süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Qurumun məlumatında qeyd edilib ki, şişönü lezyonlar adlanan xərçəngə çevrilmə potensialı yüksək atipik hüceyrə bölgələrindən götürülən toxuma nümunələrinin mikroskopik analizi diaqnostikada qızıl standart hesab edilir. Bu metod hüceyrələrin struktur vəziyyətini qiymətləndirməyə imkan verməklə dəqiq diaqnostikanı təmin edir. Həmçinin qanda xüsusi biomarkerlərin səviyyəsi müəyyən xəstəliklərin mövcudluğunu göstərə bilər. Bu testlər sırasından olan onkomarkerlərin qanda təyini bəzi şişönü xəstəliklərin erkən mərhələdə aşkarlanmasında istifadə olunur və xəstəliyin gedişatını izləməyə kömək edir. Pap smear testi isə qadınlarda uşaqlıq boynunda (serviks) şişönü xəstəliklərin aşkarlanmasında geniş istifadə olunur. Dövlət Agentliyi vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi xəstəliklərin erkən mərhələdə aşkarlanmasına, vətəndaşın vaxtında müalicəyə cəlb olunmasına və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. İcbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Qeyd edək ki, qadınların onkoloji xəstəliklərdən sığortalanmasının vacibliyini daim vurğulayan Milli Məclisin səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna ən çox səy göstərən şəxslərdən biridir. M.İbrahimqızı bir müddət əvvəl KİV-ə açıqlamasında Azərbaycan səhiyyəsinin əhəmiyyətli bir addım atmağa hazırlaşdığını qeyd edərək “növbəti ildən onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta sisteminə daxil edilməsi planlaşdırılır”, deyib. M.İbrahimqızı onkoloji müalicənin icbari tibbi sığorta sisteminə daxil edilməsinin həddindən artıq vacib olduğunu qeyd edib: “Azərbaycanda icbari tibbi sığorta sistemi cəmi 2-3 il əvvəl tətbiq edilib. Buna görə bu sxem üzrə bütün tibbi xidmətləri birdən əhatə etmək mümkün deyil. Lakin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, keçən il müəssisənin fondu artıq formalaşdırılıb. Hesab edirəm ki, onkoloji xəstəliklər xidmətlər paketinə daxil edilməlidir”. M.İbrahimqızı qeyd edib ki, onkoloji xəstəliklərin müalicəsi üçün uzun vaxt və xeyli maliyyə resursu tələb olunur və bu, ailələr üçün çətindir. “Bu həm də ailə üçün çox ağır maliyyə yükünə çevrilir. Buna görə onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta paketinə daxil edilməlidir. Parlamentdə onkoloji müalicənin icbari tibbi sığorta proqramına daxil edilməsi ilə bağlı müzakirələr davam edir. Müsbət irəliləyişlər çox uzaq deyil. Biz artıq parlamentdə bir neçə müzakirə aparmışıq. 2025-ci il üçün büdcənin müzakirəsi zamanı bu xəstəliklər də icbari tibbi xidmətlər paketinə daxil ediləcək. Bu, tamamilə zəruridir”. Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da çıxışlarında onkoloji xəstəliklərin icbari tibbi sığorta paketinə daxil eidlməsinin zəruriliyini dəfələrlə vurğulayıb.
Erkən müayinənin xəstəliklə mübarizədə və onu dəf etməkdə böyük əhəmiyyət daşıdığını deyən radioloq Nazir Allahverdiyev BTV-də yayımlanan “Həkim Post” verilişinə müsahibəsində vətəndaşları sağlamlıqlarına qarşı bəzən laqeyd olmaqda günahlandırıb:
- Bəzən xəstələr USM-dən keçir, rəydə şübhələndiyimiz məqamları qeyd etsək də, xəstə ciddi yanaşmır, 6 aydan bir dinamikaya gəlməlidir, xəstə gedir, 3-4 il keçir, artıq gecikmiş mərhələdə gəlir. Şiş yayılır, limfalara metastaz vermiş halda olur, bu da əlbəttə ki, biz həkimləri üzür. İstənilən şəxs özündə hər hansı narahatlıq, şübhə hiss edərsə, birbaşa həkim radioloqlara müraciət edə bilər. USM və ya rentgen, MRT keçməkdə zərər yoxdur. Zatən biz bir şübhəli nəsə görsək, uyğun həkimə yönəldirik. USM rəyində radioloq gördüyü bütün dəyişiklikləri qeyd edir və bunu həkim üçün edir. Xəstə isə kağızı aparıb evə qoyur, məsləhətə ciddi yanaşmır, heç nə olmaz deyir, 1-2 il keçəndən sonra, artıq kiçik şiş böyüyüb metastaz verdikdən sonra gəlir. O zaman artıq gec olur. Həkimə getməkdən çəkinməyin, əgər radioloq sizə bu düyünü 6 aydan bir yoxlamaq lazımdır deyirsə, buna əməl edin. Onkoloji xəstəliklərin müalicəsi xərclərinin qarşılanması üçün icbari tibbi sığorta sahəsinin genişləndirilməsi haqqında qərar Azərbaycan vətəndaşları üçün tibbi yardımın əlçatanlığının artırılması istiqamətində böyük addım deməkdir. Bu fəal tədbir vasitəsilə hökumət xərçəngin müalicəsi problemləri ilə üzləşən ailələrin maliyyə yükünü azaltmağa, həm də hamı üçün hərtərəfli tibbi xidmətləri təmin etməyə çalışır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, erkən diaqnostikanın icbari tibbi sığorta hesabına qarşılanması əhəmiyyətli addımdır:
- Bununla vətəndaşlar onkoloji xəstəliklərdən böyük miqyasda sığortalana bilər. Məlumdur ki, istənilən xəstəliklərin müalicəsində erkən təşhis çox önəmlidir. Belə olarsa, ehtimal edilən, mümkün xəstəliklərin müəyyən edilməsi, qarşısının və ya irəliləməsinin qarşısının alınması daha da asanlaşır. Əlbəttə, xəstəliyin ikinci, üçüncü, ən ağır fazalarında başlanan müalicə daha az effektiv olur. Ümumi yoxlanışlardan keçmək, hər hansı narahatlıq zamanı ləngimədən həkimə müraciət etmək çox vacibdir. Həkimə getməkdən çəkinmək lazım deyil. İnsan sağlamlığı haqqında bilgi əldə etməlidir ki, hər hansı problem varsa, gecikmədən, zamanında qarşısını ala bilsin. Bu mənada erkən diaqnostika vacibdir. Bütün xəstəlikləri, cərrahi əməliyyatları icbari tibbi sığorta hesabına qarşlamaq çətindir. İcbari tibbi sığortanın tətbiqində böyük subsidiyalara ehtiyac var. Amma bunu sığortadan kənar proqramlar hesabına, xeyriyyə fondlarının yardımı ilə etmək olar. Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta paketinə daxil edilməsi zəruridir, çünki bu, böyük maliyyə tələb edir. Vətəndaşların heç də hamısının buna maddi imkanı çatmır. Onkoloji xəstəliklərin icbari tibbi sığörta ilə müalicəsi vətəndaşlara ruh yüksəkliyi verə bilər. Bu isə xəstəliklə mübarizədə əsas şərtlərdən biridir.