“Meymunçiçəyi” virusu ilə bağlı vəziyyət pisləşməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada fövqəladə vəziyyət elan edib. BMT-nin Səhiyyə Agentliyi bu il 14000-dən çox yoluxma və 524 ölüm hadisəsinin baş verdiyini bildirib ki, bu da keçən ilki rəqəmləri xeyli üstələyib.
İndiyə qədər ölüm hallarının 96%-dən çoxu Konqoda qeydə alınıb. Təşkilat xəstəliyin insanlar arasında daha asan ötürülə bilən yeni mutasiyasının yayılma təhlükəsi ilə bağlı həyəcan təbili çalıb.
Maraqlıdır, sözügedən xəstəliyin Azərbaycanda yayılma ehtimalı varmı? Ölkədə yenidən karantin rejimi tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru Adil Qeybulla açıqlamasında diqqətli olmağımızın vacibliyini vurğulayıb:
“Qlobal dünyanın bir hissəsi olduğumuz üçün “meymunçiçəyi”nin Azərbaycanda yayılma ehtimalı realdır. Buna görə də transsərhəd keçid zonalarında nəzarət gücləndirilməlidir. Xəstəlik şübhəsi olan insanlar karantinə götürülməlidir. Risk hələ də qalır, xəstəlik mutasiyaya uğramış formadadır. Ola bilər ki, yayılaraq daha ciddi hala gəlsin. ÜST bunu riskli saydığına görə qlobal təhlükə kimi qeyd edir. Bu da təbii ki, fövqalada vəziyyət deməkdir. Hazırda Afrikada vəziyyət təhlükəli hala gəlməkdədir. İnfeksiyanın lokallaşdırılması üçün təcili karantin rejimi tətbiq edilməlidir. Çalışmaq lazımdır ki, xəstəlik oradan planetin digər yerlərinə yayılmasın. İnsanların birbaşa təmasının qarşısı alınmalıdır. Cinsi münasibətlər, üz-üzə danışma və ya əllə görüşmə də xəstəliklərin yayılmasına şərait yaradır”.
Mütəxəssis “meymunçiçəyi”nin əlamətlərini də sadalayıb:
“Virusun əlamətləri qızdırma, bel ağrısı, ümumi halsızlıqla müşahidə olunur. Dəridə ağ və yaşıl maye ilə dolu qabarçıqların yarandığını görürüksə, deməli, sözügedən xəstəliyə yoluxmuşuq. Bunlar “meymunçiçəyi”nin əsas əlamətidir. Bu əlamətlər görüldükdə mütləq həkimə müraciət etmək lazımdır. Xəstəliyin inkubasiya dövrü 10-12 gündür. Lakin bəzi hallarda ölümlər qaçılmaz olur. Dediyim kimi, xəstəliyin Azərbaycanda yayılma ehtimalı var. Nəzərə alsaq ki, adıçəkilən virus mutasiyaya uğrayıb, o zaman təhlükə daha da böyüyür”./ KONKRET.az