Dietoloq: Qışda xəstəliklərdən qorunmaq bu meyvələri qida rasionumuza daxil etməliyik

Qış aylarında immunitetin aşağı düşməsinin bir neçə səbəbi var. Bu faktorlar həm ətraf mühitin, həm də insanın həyat tərzinin təsirindən qaynaqlanır. Qışda günəş işığının az olması səbəbindən bədəndə D vitamini səviyyəsi azalır. D vitamini immunitet sisteminin düzgün işləməsində mühüm rol oynayır. Onun çatışmazlığı infeksiyalara qarşı həssaslığı artırır. Qışda daha çox kalorili, amma vitamin və minerallarla zəngin olmayan qidalar qəbul edilir. Bu da immuniteti dəstəkləyən əsas maddələrin (məsələn, C və D vitaminləri, sink) çatışmazlığına səbəb ola bilər. Soyuq havalarda qrip və digər tənəffüs virusları daha aktiv olur. İnsanların daha sıx təmasda olması bu virusların sürətlə yayılmasını asanlaşdırır. Bəs qışda immuniteti gücləndirmək  üçün nə etməliyik?


Sualımızı cavablandıran dietoloq Sevinc Həsənzadə "Sherg.az"a bildirib ki, qışda xəstəliklərdən qorunmaq üçün bəzi meyvələri qida rasionumuza daxil etməliyik: 

“Naringinin tərkibində olan antioksidantlar damarları, xüsusən də kapilyarları gücləndirir. Qış mövsümündə ən çox yeyilən bu meyvə tərkibindəki fol turşusu, lifləri sayəsində öskürəyi və xolestrolu azaldır. Heyva xüsusən də qışda xəstələndikdə ilk köməyə gələn meyvədir. Ağciyər vərəminə və ağız yaralarına yaxşı təsir edir və insana  gümrahlıq verir. Heyva dənələri sıx pektin ehtiva etdiyi üçün ishalın qarşısını almaq üçün qaynadılıb suyu içilə bilər. Həmçini Heyva bronxit, xronik öskürək və vərəm xəstəliklərinin müalicəsində istifadə edilir. Heyva damar sərtliyinə, qaraciyərin fəaliyyətinə yaxşı təsir edir, təzyiqi aşağı salır, öd kisəsinin işini nizamlayır. Digər tərəfdən heyva yarpaqlarını qaynadıb çay kimi içmək ürək ağrılarına yaxşı təsir edir. Çünki sakitləşdirici xüsusiyyətə malikdir. Qış meyvələrindən  C vitamini deposu olan kivi infeksiyalarla mübarizə aparmaq və dəri qurumasının qarşısını almaq üçün faydalıdır. Kivi immun sistemini gücləndirir, antioksidant təsiri ilə xərçəng xəstəliyinə qarşı faydalıdır. Xüsusən də qadınlarda döş xərçəngi riskini azaldır. Nar immunitet sistemini gücləndirdiyi üçün tez-tez yeyilməlidir. Fol turşusu, A və C vitamin tərkiblidir. Bundan başqa, selenium, maqnezium, fosfor kimi minerallarla zəngin olduğu üçün halsızlıq hiss etdikdə yeyilə bilər. Nar, xüsusən də tərkibindəki antioksidant sayəsində bədənin müdafiə sistemini gücləndirir”.