Avstraliyada əməliyyat zamanı həkimlər gözlənilməz vəziyyətlə qarşılaşıblar. 64 yaşlı qadının beynində uzunluğu 8 santimetr olan diri qurd tapılıb. Bu nadir hadisə tibb ictimaiyyətində səs-küyə səbəb olub.
Sherg.az xəbər verir ki, 2021-ci ildə mədə ağrısı, ishal, öskürək və qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edən qadın əvvəlcə bu əlamətlərin rutin infeksiyaya işarə etdiyini düşünüb. Lakin zaman keçdikcə vəziyyət daha da ağırlaşıb.
Qadının şikayətləri sonradan unutqanlıq və depressiya kimi nevroloji əlamətlərə çevrilib.
Bu da onu ikinci dəfə xəstəxanaya üz tutmağa məcbur edib. Beyin MRT müayinəsi zamanı qeyri-adi tapıntı aşkarlanıb.
Müayinələr nəticəsində həkimlər onun beynində 8 santimetr uzunluğunda diri qurd olduğunu müəyyən ediblər.
Parazitin növü, adətən piton ilanlarında müşahidə olunan Ophidascaris robertsi kimi müəyyən olunub.
Mütəxəssislərin fikrincə, bu parazit adətən ilan nəcisi ilə yayılan yumurtalar vasitəsilə ötürülür. Ehtimal olunur ki, qadın alaq otunu yeyən zaman parazit onun bağırsaqlarına yerləşib və sonra qan vasitəsilə beyninə çatıb.
Bu hadisə insan beynində canlı qurd tapılmasının qeydə alınmış ilk nümunəsi kimi tarixə düşüb.
Canberra xəstəxanasından Dr Sanjaya Senanayake bildirib ki, bu, insan beyninə təsir edən ilk məlum hadisədir. Heyvan parazitologiyası mütəxəssislərinin dəstəyi ilə qurd tez bir zamanda müəyyən edilib.