Bayram ərəfəsində qidalanmaya xüsusi diqqət edilməlidir - DİETOLOQ

Novruz süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək mümkün deyil. Süfrələrimizi müxtəlif şirniyyatlarla yanaşı, çərəzlər, meyvə quruları və digər nemətlər bəzəyir. Bundan başqa bu günlərdə bişirilən plovlar, müxtəlif mayonezli salatlar kilo almağımıza şərait yaratmaqla yanaşı, mədə-bağırsaq sistemində pozğunluqlar yarada bilər. Bəs necə qidalanmalıyıq?

Mövzu ilə bağlı danışan dietoloq Sevinc Həsənzadə "Sherg.az"a bildirib ki, mədədə ağır yüklənmə baş verməsin deyə yüksək kalorili qidaları eyni vaxtda qəbul etmək məsləhət görülmür:

“Ölkəmizdə hər kəs tərəfindən səbirsizliklə gözlənilən bu bayram hər bir evdə təntənəli şəkildə qarşılanır. Əsrlərdən üzü bəri hər zaman olduğu kimi, Novruzun atributları nümayiş olunur, milli ənənəvi mərasimlər keçirilir, yeməklər hazırlanır. Novruz süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatlarsız təsəvvür etmək mümkün deyil.  Ona görə də bayram ərəfəsində qidalanmaya xüsusi diqqət edilməlidir. Bayram günlərində qidalanmada yol verdiyimiz bəzi səhvlər ciddi fəsadlara səbəb ola bilər. Bayram günlərində ilk növbədə qidalanmanın optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu, toxluğa səbəb olaraq normadan artıq qida qəbulunun da qarşısını alacaqdır. Həmçinin yeməklərin və digər qidaların istifadəsi balanslaşdırılmalıdır. Qidaları qarışdırmamaq və müəyyən həddin gözlənməsi vacib şərtdir. Həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yaradır. Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran təzə tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzm olunmasını asanlaşdırır. Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. İstehlak olunan qidanın miqdarı da vacib amildir. Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bu zaman onların hər biri 2 xörək qaşığından artıq olmamalıdır.  Bu bayram günlərində əsas da şəkərli diabetlər , hipertoniklər qida qəbulunda ehtiyatlı olmalıdırlar”.