Tovuzda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, Tovuz Rayon Mərkəzi Xəstəxanasında 5 məktəblinin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıb.
Son zamanlar dəm qazından və tüstüdən zəhərlənmə hallarının artığı müşahidə olunur.
Bəs tüstüdən zəhərlənmə zamanı nə etməliyik?
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova "Sherg.az"a bildirib ki, tüstüdən zəhərlənən zaman ilk növbədə ərazini tərk etmək lazımdır:

“Əgər ərazini tərk etmək alınmırsa, mütləq ağızlarına, burunlarına dəsmal və yaxud köynəklərini tutsunlar. Daha sonra isə mütləq təmiz havaya çıxılmalıdır. Əgər çıxa bilmirlərsə, yəni yanğın çoxdursa, mütləq yanğın az olan bir hissəyə keçilməli və yerə uzanılaraq ağız yerə qoyulmalıdır. Çünki tüstü göyə qalxır və yerə düşmür. Ümumiyyətlə tüstü ilə boğulma zamanı, tənəffüs darlığı və quru öskürək müşahidə edilir. Bu mənada boğulan insanın əynində tüstülü paltarlar varsa onları çıxartmaq, əl üzünü yumaq və yuxarı tənəffüs yollarının keçiriciliyini təmin etmək lazımdır. Əgər xəstə qusursa, başını yana və ya aşağı salmaq vacibdir. Xəstəxanaya gətiriləndə ilkin tibbi yardımdan sonra 3-4 saat nəzarətdə saxlayırıq və sonra onları ambulator müalicə üçün evə yola salırıq. Vəziyyəti biraz ağır olan xəstələri isə iki-üç gün xəstəxanada nəzarət altında saxlayırıq”.