Beyinlə bağlı geniş yayılmış fikirlərin bir çoxu həqiqəti əks etdirmir. Mütəxəssislər bildirirlər ki, insan beyninin cəmi kiçik bir hissəsinin işləməsi və ya yaş artdıqca yeni beyin qırışlarının əmələ gəlməsi ilə bağlı iddiaların elmi əsası yoxdur.
Sherg.az xəbər verir ki, nevroloq İrina Preobrajenskayanın sözlərinə görə, böyüklərdə yeni beyin qırışları yaranmasa da, yeni neyron əlaqələrinin formalaşması mümkündür. Bu proses beynin dəyişmək və yeni şəraitə uyğunlaşmaq qabiliyyəti olan neyroplastiklik sayəsində baş verir.
Mütəxəssis qeyd edir ki, beyni inkişaf etdirmək üçün ən faydalı üsullardan biri əvvəllər edilməmiş və müəyyən çətinlik yaradan fəaliyyətlərlə məşğul olmaqdır. Məntiq oyunları, krossvordlar, kitab oxumaq və müzakirə etmək, eləcə də düşünmə tələb edən kompüter oyunları yaddaşı və diqqəti gücləndirməyə kömək edir.
Bundan əlavə, fiziki aktivlik də beyin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Həkimin sözlərinə görə, hər gün təxminən 30 dəqiqə piyada gəzmək və ya 8 min addım atmaq yaddaşın möhkəmlənməsinə, yeni neyron əlaqələrinin yaranmasına və beynin qocalmasının ləngiməsinə müsbət təsir göstərir.
Mütəxəssislər vurğulayırlar ki, 50-60 yaşdan sonra yaddaşın nəzərəçarpacaq dərəcədə zəifləməsi və ya istiqaməti tez-tez itirmək normal yaşlanma əlaməti sayılmır. Belə hallarda mütləq nevroloqa müraciət etmək tövsiyə olunur.