- AQTA ora baxış keçirməli, istehsal axınını izləməlidirlər ki bilinsin problem necə yaranıb
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxması haqqında sosial şəbəkədə yayılmış xəbər evdar xanımları narahat edib. Məlumdur ki, xanımlar xörəklərin bişirilmısində, turşuların hazırlanmasında əsasən bu və oxşar duzlardan – iri duzdan istifadə edir. Amma məlum hal duzlara etibarı bir xeyli azaldır.
Sosial şəbəkə istifadəçısi Nüşabə Allahverdiyeva bu barədə feysbuk səhifəsində paylaşım edib. Vətəndaş qeyd edir ki: “Azərduz” xörək duzu axır vaxtlar bu gündədir. İçindəki qum yeməkdə həll olunmur və xırçıldayır. İki çay qaşığı duzu yarım stəkan suda həll elədim, dibinə belə bir qum çökdü, sarı yumrular daş kimidir. Bunu hara şikayət eləmək olar?”.
Şikayətçi duzun içindəki qum və xırda daş dənələrinin fotosunu da paylaşıb.
Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov Sherg.az-a açıqlamasında bildirdi ki, istehsalat prosesində buraxılan səhvlərdən qaynaqlanır:
- Duzun yuyulması, kristallaşdırılması prosesində qırılma baş verib, orada nəsə problem var ki məhsul daxlində bu cür yad cisimlər toplanıb. Bəli, bu, gözlə görünən, aşkar şəkildə həm fiziki çirklənmədir, həm də mikro-bioloji çirklənmədir. Məhsulun tərkibində qum dənələri – torpaq varsa orada batulizm də ola bilər, zəhərlənmə də ola bilər. İstehsal prosesində diqqətli olmaq, çirklənməyə yol verməmək lazımdır. AQTA ora baxış keçirməli, istehsal axınını izləməlidirlər ki bilinsin problem necə yaranıb.
A.Salamov qeyd etdi ki, müxtəlif duz növləri mövcuddur - qaya, dəniz, göl düzları. “Azərduz” “Azərbaycan Duz İstehsalat Birliyi” MMC tərəfindən qeyd edildiyinə görə yüksək texnologiyalarla istehsal olunur və tərkibi kalium yodatla zənginləşdirilib. Amma içindən qum dənələri, daş qırıqları çıxıb:
- AQTA istehsal prosesini izləməlidir, bilinsin ki harada qırılma var, yad cisimlər məhsulun tərkibindən niyə ayrılmayıb. Paylaşımda da açıq görünür ki duzun tərkibində qum dənələri var. Bu, laboratoriyada təsdiqlənməlidir. Görünür, istehsal prosesində duzlar yaxşı yuyulmayıb, süzülməyib, ona görə də yad cisimlər məhsulun tərkibində qalıb.