Frankfurtda malyariyadan ölənlərin sayı 3-ə çatıb

Almaniyanın Frankfurt şəhərində malyariyadan daha bir nəfərin ölməsi nəticəsində xəstəlikdən həyatını itirənlərin sayı 3-ə yüksəlib.

Sherg.az xəbər verir ki, Frankfurt Bələdiyyəsinin məlumatına görə, hava limanından təxminən 5 kilometr məsafədə yerləşən Şvanhaym rayonunda yaşayan bir nəfər malyariya səbəbindən vəfat edib.

Ötən ay Frankfurt hava limanının operatoru Fraportun 6 əməkdaşında malyariya aşkarlanıb və onlardan 2-si dünyasını dəyişib.

Səlahiyyətlilər insanların hava limanına gələn təyyarələr vasitəsilə daşınan anofel növü ağcaqanadların dişləməsi nəticəsində yoluxduğunu ehtimal edir.

Frankfurt Bələdiyyəsi ağcaqanad dişləmələrindən qorunmaq üçün sprey, uyğun geyim və ağcaqanad torlarından istifadə etməyi tövsiyə edib. Hava limanında isə malyariya daşıyan anofel ağcaqanadlarının olub-olmadığını müəyyənləşdirmək üçün xüsusi tələlər quraşdırılıb.