Mart-aprel təhlükəsi: Orqanizm zəif, viruslar isə aktiv - Ekspert danışır

Yaz arxayınlığı xəstəlik dalğasını gücləndirə bilər

Şahvələd Məmmədov: "Yaz aylarında xroniki xəstəliklər kəskinləşir”

Səhiyyə Nazirliyi yaz mövsümünün gəlişi, həmçinin Ramazan və Novruz bayramları ilə əlaqədar əhaliyə tövsiyə xarakterli müraciət edib. Müraciətdə qeyd olunur ki, yaz fəslinin başlanmasıyla havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər.

Bu il Novruz və Ramazan bayramlarının eyni dövrə təsadüf etməsi səbəbindən qarşıdakı həftələrdə bayram şənlikləri və müxtəlif kütləvi tədbirlər keçiriləcək ki, bu da əhalinin sanitar-gigiyenik qaydalara, qidalanmaya diqqətli yanaşmasını tələb edir. "Ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşlara kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyi, əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etməyi tövsiyə edir. Eyni zamanda yaz mövsümündə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür. Hər bir vətəndaş öz sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, həm özünü, həm də ətrafındakı insanları qorumalıdır".

Həkim-terapevt Şahvələd Məmmədov Səhiyyə Nazirliyinin əhaliyə müraciətini doğru zamanda edildiyini bildirdi. “Sherg.az”a açıqlamasında həkim qeyd etdi ki, hazırda havalar qeyri-sabit keçir və bu respirator xəstəliklərə yluxma halları üçün münbit şərait yaradır:

- İnsanlar çox tez qalın geyimlərdən imtina edir. Hava bir balaca isindimi, sanırlar yazdır, yüngül geyinmək olar. Əslində isə yazın ilk günləri, ilk həftələri, ümumiyyətlə mart, aprel aylarında sağlamlığa daha ciddi yanaşmaq lazımdır. Orqanizm uzun qış aylarında zəifləyir. Orqanizmin daxili ehtyatları tükənmək üzrə olur. Vətəndaşlara məsləhət görürük həmişə vitaminlər, vitaminli, orqanizmi gücləndirəcək qidalar qəbul etsinlər, amma məlumdur ki qış aylarında bunu etmək asan deyil. Vitaminlərlə zəngin qidalar az olur qış aylarında. İnsan yay və payız aylarında bədənində vitamin depolamalıdır təbii şəraitdə yetişən meyvə-tərəvəzlər qəbul etməklə. Mümkün olduğu qədər. İndi yazdır, təbii meyvə-tərəvəz hələ yetişməyib. Vitaminlər qəbul etmək olar. Həm də hava şəraitinə diqqət edilməlidir. Soyuqdəymədən qorunmaq lazımdır. Yazın gəlişi insanlarda arxayınlıq yaratmasın. Respirator xəstəliklər – yuxarı tənəffüs yollarının xəstəlikləri, xroniki xəstəliklər yaz aylarında kəskinləşə bilir. 

Ş.Məmmədov kütləvi tədbirlərdə iştirak zamanı sanitar-gigiyenik qaydalara riayət edilməsini, tibbi maskalardan istifadəni, əllərin ciddi şəkildə yuyulmalı olduğunu məsləhət gördü: 

- Xüsusən uşaqları infeksiyalardan qorumaq lazımdır. İştirak etsinlər tədbirlərdə, şənliklərə getsinlər, amma valideynlər diqqətli olsunlar. Küçədə, açıq havada satılan qidalardan uzaq durmaq məsləhətdir.