Pediatr: Sümük suyuna güvənmək böyük səhvdir

 Küftəli şorba 6 aylıq körpəni zəhərləyə bilər
 Pediatrlar 8-ci aydan etibarən vacib qaydanı açıqladı
"6 aylıq körpəyə əlavə qidaya başlayarkən analar düşünürlər ki, toyuğu, əsasən ayaqlarını qaynadaraq bulyonunu vermək daha faydalıdır".
Bunu pediatr Lalə Səlimova bildirib. 
Həkimin sözlərinə görə, toyuq bulyonunda, ayaqlarında kollagen var: 
"Əlavə qidaya, xüsusən ətə keçərkən əsas məqsədimiz uşağa lazım olan zülallar, B12, sink, dəmirlə zəngin qidalanmasıdır. Bu vacib elementləri körpə ətdən alır. Bulyon isə sadəcə kollagendir. Ona görə də sadəcə bolyonu körpəyə verməklə çox da faydalı olmursuz. Körpəyə toyuq verəcəksinizsə, yeməyi dadlandırmaq məqsədilə bulyonunu verə bilərsiniz. Amma içərisində mütləq ət olsun. Toyuq ətini hər körpənin ovuc içi boyda həftədə 2-3 dəfə istifadə etmək olar". Pediatr qeyd edib ki, ən faydalı ət quzu ətidir: "Həm həzmi rahatdır, həm də zülalla, dəmirlə, B12 ilə zəngindir. Ona görə də quzu əti daha faydalıdır. Quzu ətini həftədə 5 dəfə istifadə edə bilərsiniz. 8 ayından sonra isə həftədə 2 dəfə balıq vermək olar".
Mövzuyla bağlı Sherg.az-a danışan pediatr Azər Əhmədov əlavə qidaya keçid dövrünün körpənin inkişafında ən mühüm mərhələlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, bu mərhələdə valideynlərin məqsədi yalnız körpəni doyurmaq deyil, eyni zamanda onun sağlam və balanslı qidalanma vərdişlərini formalaşdırmaq olmalıdır:
 “Körpənin orqanizmi bu dövrdə sürətlə böyüdüyü və inkişaf etdiyi üçün qəbul etdiyi hər bir qida onun fiziki, zehni və immun sisteminin sağlamlığına birbaşa təsir göstərir. Bulyon bəzi faydalı maddələrə malik olsa da, körpənin inkişafı üçün əsas zəruri olan zülal, dəmir və digər mikroelementlərin əsas mənbəyi ətin özüdür, suyu deyil. Bu səbəbdən, körpəyə toyuq, mal və ya balıq yeməyi hazırlayarkən yalnız bulyonu deyil, ət hissəsini də pəhrizə daxil etmək mütləqdir. Bulyon yalnız yeməyin dadını artırmaq üçündür, qidanın əsas dəyəri isə içərisindəki ət və tərəvəzlərdədir. Yeməyi dadlandırmaq üçün bulyonundan istifadə etmək olar, lakin içərisində mütləq şəkildə xırda doğranmış və ya blenderdən keçirilmiş ət olmalıdır. Ət körpənin əzələ inkişafını dəstəkləyir, beyin fəaliyyətinə və immun sisteminə müsbət təsir göstərir. Xüsusilə 7-ci aydan etibarən qırmızı ətin, 8-ci aydan toyuq ətinin və 9-cu aydan balıq ətinin qida rasionuna əlavə olunması çox vacibdir. Bununla yanaşı, valideynlər unutmamalıdırlar ki, körpənin qidası mümkün qədər təbii, təzə və ev şəraitində hazırlanmış olmalıdır. Konservləşdirilmiş və ya dondurulmuş məhsullardan uzaq durmaq, yeməkləri ayrıca qabda və az miqdarda bişirmək, duz, ədviyyat və yağdan istifadə etməmək məsləhətdir. Ət tərkibli qidaları körpəyə tədricən, kiçik porsiyalarla və püre şəklində vermək lazımdır. Əgər körpə ilk dəfə bu dadlara alışmaqda çətinlik çəkirsə, israr etmədən bir neçə gün sonra yenidən təklif etmək daha doğrudur. Səbirli olmaq və körpənin öz ritminə uyğun şəkildə qidalanmasını təmin etmək bu mərhələdə ən vacib qaydalardandır”.
Pediatr Aytən İsmayılzadə hesab edir ki, körpəyə verəcəyimiz ət məhsulu ətin özü olmalıdır ki, bu da  körpənin 8-ci ayından etibarən ət püresi şəklində olmalıdır:
 “Verilmə qaydası isə həftədə iki dəfə olmaqla, iki çay qaşığı şəklində. Toyuğun ayaqlarını qaynatmaq, heyvanın oynaqlarını, sümüklərini qaynadıb körpə yeməyinə qatmaq doğru deyil. Bunların daha çox zülal və yağ tərkibi körpənin həzm fermentləri üçün artıq doza olur və həzmsizlik başlayır. Nəcisin yağlı olması, pis yuyulması, kəskin qoxu gəlməsi buna bir işarədir. Körpələrin 6 ayı tamam olan kimi küftəli şorbalar vermək olmaz. Ət zülalının həzmi üçün fermentlərin aktiv olması və uşağın aktiv udma bacarığının olması lazımdır. Buna görə 8 aydan tez həmin şorbaları vermək olmaz. Ət bulyonunda tərəvəz deyil, tərəvəz bulyonunda ət verilməlidir. Sümük suyu körpənin minerallara , kalsiuma olan ehtiyacını doyurmaq üçün doğru seçim deyil. Yalnız 1-1,5 yaşdan sonra bulyon yəni ət və ya sümük suyu vermək olar. Yenə də uşağın həzm sistemini, fiziki inkişafını, çəki artımını nəzərə alaraq”.
A. İsmayılzadənin fikrincə, hər bir qida artıqlığında olduğu kimi burda da bağırsaqda yaranmış köp, qıcıqlanma, selikli qişada zədələnmə, divarönu həzmin pozulması, mineral və vitaminlərin sovrulmasına əngəl olur. Əksinə, zədələnmiş sıx təmas sistemindən allergenlər, mikroblar, göbələklər, triqliserisdlər, şəkər kütləvi şəkildə qana keçir və müxtəlif xəstəliklərə yol açır: 
“Balıq ətini isə bir yaşa kimi məsləhət görmürəm. Allergiya riski var. Ümumiyyətlə bilməliyik ki, ət körpəyə niyə lazımdır? Həm zülal mənbəyi, həm də rahat sorulan dəmir mənbəyi olaraq ət körpəyə lazımdır. Buna görə, quzu əti, keçi əti, yağsız mal əti seçilir. Balıq əti isə xüsusilə dəniz balıqları, ağır metallarla çirklənmiş olur və ilk 1-2 ildə məsləhət görmürəm. Hamiləlik zamanı və 3 yaşadək uşaqlara da balıq yağı verilməsinə qarşıyam”.