- “Peyvəndləmədə yaranan boşluqlar yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır”
Son günlər sosial şəbəkələrdə epidemik parotit, xalq arasında “qulaqdibi” kimi tanınan xəstəliyin yenidən geniş yayıldığı barədə müzakirələr aktivləşib. Lakin Səhiyyə Nazirliyi bu məlumatların mövcud epidemioloji vəziyyəti əks etdirmədiyini açıqlayıb.
Bildirilib ki, qeydə alınan yoluxma halları ayrı-ayrı sporadik hadisələrdən ibarətdir. Bununla belə, ilin əvvəlində pediatr Lalə Rəhimova qəbulunda olan üç uşaqda qulaqdibi xəstəliyinin aşkarlandığını bildirib. Həkim qeyd edib ki, bu infeksiyaya yoluxan uşaqlar klinik simptomlar və üz nahiyəsində şişkinlik yaranmazdan iki gün əvvəl belə virusu başqalarına ötürə bilirlər. Pediatr valideynləri diqqətli olmağa çağırıb.
Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla Sherg.az-a bildirib ki, qulaqdibi paramiksoviruslar ailəsinə aid olan mumps virusunun törətdiyi yoluxucu xəstəlikdir:

“Epidemik parotit zamanı qulaqaltı nahiyədə yerləşən tüpürcək vəziləri böyüyür, şişir və iltihablaşır. Xəstəliyin ölüm riski aşağı olsa da, sonradan həm oğlanlarda, həm də qızlarda reproduktiv sağlamlıqla bağlı ciddi fəsadlara, o cümlədən sonsuzluğa səbəb ola bilər. Bu, son dərəcə ciddi problemdir.
Ümumdünya Səhiyyə Təşkilatı milli peyvənd proqramlarının hazırlanması məqsədilə dünya ölkələrinə xüsusi tövsiyələr təqdim edib. Hər bir ölkə də bu tövsiyələr əsasında öz Milli Peyvənd Təqvimini formalaşdırıb. Həmin təqvimdə uşaqlar üçün epidemik parotit əleyhinə peyvənd də nəzərdə tutulub. Təəssüf ki, son illərdə bəzi valideynlər müxtəlif səbəblərdən uşaqlarını peyvənd etdirməkdən yayınırlar. Bunun əsas səbəblərindən biri peyvəndlərlə bağlı yayılan əsassız məlumatlar və şayiələrdir. Nəticədə uşaqların immun müdafiəsi zəifləyir”.
Ekspertin sözlərinə görə, yeniyetmələr arasında qızılça, suçiçəyi və digər yoluxucu xəstəliklərə yoluxma halları da müşahidə olunur:
“Rəsmi statistik göstəricilər hər zaman əlçatan olmasa da, ötən il qızılça səbəbindən çoxlu sayda uşaq xəstələndi, hətta ölüm halları da qeydə alındı. Epidemik parotit də qızılça və suçiçəyi kimi yoluxucu xəstəliklər sırasındadır. Buna görə də peyvəndləmə valideynlərin istəyindən asılı məsələ deyil, dövlətin icbari immunizasiya proqramı çərçivəsində vaxtında həyata keçirilməlidir.
Peyvəndləmə prosesində hər hansı gecikmə və ya boşluq yarandıqca, yoluxucu xəstəliklərin yayılması üçün əlverişli şərait formalaşır. Epidemik parotitə qarşı vaksinasiya Milli Peyvənd Təqvimində yer alıb. Valideynlər bu məsələyə ciddi yanaşmalı, poliklinikalar isə peyvəndləmənin vaxtında və planlı şəkildə aparılmasını təmin etməlidirlər. Bu prosesə məsul qurumlar da xüsusi nəzarət etməlidir. Unutmaq olmaz ki, uşaqların sağlamlığı, təhlükəsizliyi və gələcəyi birbaşa vaksinasiya səviyyəsindən asılıdır”.