Sonadək ağrısız keçə bilər - Təhlükəli xərçəngin ilk əlamətləri açıqlandı

Mədəaltı vəzi xərçəngi ən təhlükəli onkoloji xəstəliklərdən biri hesab olunur. Erkən mərhələlərdə xəstəlik çox vaxt özünü heç bir əlamətlə büruzə vermir. Həkim-qastroenteroloq Sergey Vyalov hansı simptomların narahatlıq doğurmalı olduğunu və xəstəliyin risklərini necə azaltmağın mümkünlüyünü açıqlayıb. Sherg.az xəbər verir ki, bu barədə “Çarqrad” məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, insanın xəstəliklə mübarizə aparmaq üçün iki imkanı var. Birincisi, həyat tərzini və qidalanmanı dəyişmək, ikincisi isə cərrahi müalicədir. Buna görə də orqanizmin ilk xəbərdarlıq siqnallarına laqeyd yanaşmamaq vacibdir.

Bu əlamətlər arasında qarının yuxarı hissəsində ağrı, ürəkbulanma, yağlı qidalardan sonra ağırlıq hissi, qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsi, halsızlıq və apatiya yer alır. Xəstəliyin sonrakı mərhələlərində dərinin və gözlərin saralması, eləcə də uzanarkən güclənən bel ağrısı yarana bilər.

Həkimlər yağlı qidaların, fastfudun, kolbasa məhsullarının və transyağlar ehtiva edən qidaların qəbulunu azaltmağı məsləhət görürlər. Rasiona tərəvəz, yulaf, balıq, avokado və zeytun yağı əlavə etmək tövsiyə olunur. Həmçinin siqaretdən imtina etmək, daha çox hərəkət etmək və qanda şəkərin səviyyəsinə nəzarət etmək vacibdir.

Bundan əvvəl onkoloq-cərrah, professor Rim Kalanov mədəaltı vəzi xərçənginin çox sürətlə inkişaf etdiyini bildirmişdi. Onun sözlərinə görə, şişin təsadüfən aşkarlanmasından simptomların ortaya çıxmasına qədər cəmi 6-8 ay vaxt keçə bilər.

Mütəxəssislər mədəaltı vəzi xərçənginin erkən mərhələdə aşkarlanmasının çətin olduğunu vurğulayırlar. Buna görə də davamlı və ya qeyri-adi simptomlar müşahidə edildikdə həkimə müraciət etmək vacibdir.