"Bu, tam yanlış addımdır. Müvafiq qurumlar konkret addım atmalıdırlar"
Müxtəlif bölgələrdən paytaxta gələn hıkim-stomatoloqlar TƏBİB binasının önündə aksiya keçirib. Aksiya keçirən stomatoloqlar qeyri-qanuni olaraq ixtisara düşdüklərini iddia edirlər. İddialara görə, 150-200 minlik əhalisi olan rayonlarda xəstəxanaların hər birində cəmi 3 stomatoloq ştatda saxlanılıb. Aksiyaya yığışanlar bildiriblər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür.
Etiraz aksiyasına cavab olaraq TƏBİB-in yaydığı açıqlamada isə bildirilir ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələri AR NK-nın 10 yanvar 2020-ci il tarixli 5 saylı Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sıöorta üzrə Xidmətlər Zərfi” çərçivəsində sığortaolunan şəxslərə tibbi xidmətlərin ödənişsiz göstərilməsini təmin edir: “Bununla yanaşı, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən, Xidmətlər Zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri, həmçinin sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarları ilə tənzimlənir.
Stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir. Bu xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il tarixli 18-1/17-Q/2025 nömrəli qərarı ilə təsdiq edilib.
Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib.
Eyni zamanda bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərib ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranmışdır.
Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əslində bir müddət öncə açıqlanan statistikaya nəzər salsaq görərik ki adambaşına düşən həkim sayına görə Azərbaycanda həkim çatışmazlığı var:
- Xüsusilə də bəzi regionlarda konkret ixtisas sahiblərinin olmaması həkim çatışmazlığını sübut edir. Bu da ümumiyyətlə, genofondun sağlamlığının keşiyində durmaq işinə birbaşa neqativ təsir edir. Bir müddət əvvəl TƏBİB 65 yaşı tamam olan həkimləri pensiyaya göndərdi və biz xeyli həkim itirdik. Təcrübəli həkimləri pensiyaya göndərmək nə anlama gəlir? Ona görə də həkimlərimiz Avropaya üz tuturlar. Diplomlarımız orda tanınır deyə Almaniya, Türkiyə, İngiltərəyə köçür, orda da inteqrasiya edirlər, orda yaşayırlar, işləyirlər. Geri qayıtmırlar. Belə vəziyyətdə stomatoloqları işdən çıxarmaq başadüşülən deyil. Əgər dövlət xəstəxanalarında stomatoloqların sayı çoxdursa, ştat artıqlığı varsa, digər rayonlarda başqa məntəqələrə yerləşdimək olar. Amma stomatoloqlara bu cür biganə münasibət anlaşılan deyil. Bu, tam yanlış addımdır. Müvafiq qurumlar konkret addım atmalıdırlar.