Adil Qeybulla: Səhiyyə işinin təşkilində xeyli qüsurlar var
Son zamanlar vətəndaşların səhiyyə sistemi ilə bağlı narazılıqlarının mərkəzində Təcili Tibbi Yardım xidmətinin ləng fəaliyyəti dayanır. Vətəndaşlar "103" xidməti ilə əlaqə qurmaqda çətinlik çəkdiklərini, Təcili Yardımın hadisə yerinə gec gəldiyini bildirirlər. İyunun 24-də Yasamal rayonunda baş verən hadisə səhiyyə sistemindəki boşluğu qabarıq şəkildə üzə çıxarıb. Mirzə Cabbar Məmmədzadə küçəsində 35 yaşlı kişi, yaşadığı mənzilin 3-cü mərtəbəsində kondisonerin nasazlığını düzəltmək istəyərkən ehtiyatsızlıqdan yerə yıxılıb. Yaralının ailəsi dərhal Təcili Tibbi Yardıma zəng edib. Müraciətə baxmayaraq, tibbi yardım hadisə yerinə bir saatdan sonra gəlib. Həyatı təhlükədə olan bir insanın xilasına bu dərəcədə gecikmək Təcili Tibbi Yardım xidmətinin artıq öz adına cavab vermədiyini sübut edir. Diqqətçəkən məqam odur ki, dövlət xəstəxanaları bədbəxt hadisənin qeydə alındığı ünvana çox yaxın ərazidə yerləşir. Hadisənin gecə saatlarında, küçələrin təmiz və tıxacsız olduğu vaxtda baş verdiyini nəzərə alsaq, bu məsuliyyətsizliyə heç bir bəraət tapmaq olmur. Yaxınlarının bildirdiyinə görə, həddindən artıq qan itirən gənc hazırda komadadır.
Gecikmələr səbəbindən dünyasını dəyişən və ya komaya düşən vətəndaşların cavabdehliyi kimin üzərinə düşür?
Məgər tibb müəssisələrinin fəaliyyətinə cavabdeh olan TƏBİB və Səhiyyə Nazirliyinin bütün bunlardan xəbəri yoxdurmu?
Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru Adil Qeybulla Sherg.az-a bildirib ki, səhiyyə işinin təşkilində xeyli qüsurlar var:
“Vahid rəhbərliyin yoxluğu xidmətin keyfiyyətinə ağır zərbə vurur. Təəssüf ki, təcili tibbi yardım xidmətinin ləng fəaliyyətinə çox vaxt sıradan bir problem kimi baxılır. Lakin adiləşdirilən bu məsələ birbaşa insan həyatına təhlükə yaradır. Təcili Tibbi yardım xidmətinin struktru dəyişilməli, vahid sistem əsasında fəaliyyət göstərməlidir. Bu sistem yalnız kritik və təxirəsalınmaz hallar üçün nəzərdə tutulmalıdır. Təcili yardım xəstədən hospitala sistemi ilə işləməlidir. Problem ondadır ki, Azərbaycanda mədəsi ağrıyan və ya nisbətən yüngül narahatlığı olan şəxslə hündürlükdən yıxılan ağır yaralı arasında prioritet fərqi qoyulmur. Hər iki çağırışa eyni mexanizmlə yanaşılır”.
Professorun sözlərinə görə, beynəlxalq təcrübədə təcili yardım çağırışları, İBVD (İlkin Tibbi-Baza Vaxt və Dərəcə) sxemi üzrə çeşidlənir:
“Sxemə əsasən, təcili yardım xidməti həyati təhlükəsi kəskin olanların ünvanına gedib, onlara ləngimədən həkiməqədərki ilkin tibbi yardım göstərir. Məsələ burasındadır ki, Azərbaycanda mədəsi və ya başı ağrıyan yüngül xəstə də təcili yardıma müraciət eliyir. Əslində, yüngül xarakterli ağrıların müalicəsini ailə həkimləri həyata keçirməlidir. Beynəlxalq təcrübəyə söykənən İBVD sistemini düzgün tətbiq edilsə, təcili yardım xidməti bu qədər yüklənməz. Gecikmələrin kökündə dayanan ikinci ən böyük səbəb isə təcili tibbi yardım avtomobilləri üçün yollarda xüsusi hərəkət zolaqlarının ayrılmamasıdır. Bitmək bilməyən tıxaclar və yollardakı infrstruktur problemləri tibbi yardımın çevikliyini əlindən alır”.
A.Qeybulla onu da qeyd edib ki, problem həm də resurs çatışmazlığındadır:
“Tibbi personalın sayı artan çağırış axınına cavab verməyə bəs etmir. Sistemdəki çətinliklərin təfərrüatını birbaşa sahədə çalışan həkim dostlarımdan öyrənmişəm. Bakı 6 milyona yaxın insanın yaşadığı megapolise çevrilib. Milyonlarla insan arasında gün ərzində təcili yardıma ehtiyacı olan xeyli sayda vətəndaş var. Mövcud vəziyyət, təcili yardım sisteminin effektiv fəaliyyət göstərmədiyini və çağdaş tələblərlə ayaqlaşmadığını ortaya qoyur. Yarımçıq tərkib və yetərsiz təchizatla təcili yardımın operativ fəaliyyətindən söz gedə bilməz. Çıxış yolu sistemin sıfırdan qurulmasında və ailə həkimi institutunun, heç olmasa sahə həkimləri bazasında bərpa olunmasındadır. Nəzərə alsaq ki, hazırda Tibb Universitetində müvafiq kadrlar yetişdirilir, yaxın gələcəkdə bu institutu inkişaf etdirmək əsas prioritetə çevrilməlidir”.