Uzun müddət davam edən yorğunluq, baş ağrısı, unutqanlıq və diqqət dağınıqlığının səbəbi yalnız yuxusuzluq və stress olmaya bilər.
Sherg.az "Habertürk"ə istinadən xəbər verir ki, mütəxəssis dietoloq Ayça Sena Yılmaz, orqanizmin özü istehsal edə bilmədiyi folatın (B9 vitamini) çatışmazlığı da müxtəlif sağlamlıq problemlərinə səbəb olduöunu vurğulayır.
Onun sözlərinə görə, folat DNT-nin yaranması və bərpasında, hüceyrələrin bölünməsində, həmçinin qırmızı qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayır. Orqanizm folatı özü istehsal etmədiyi üçün bu vitamin qida vasitəsilə qəbul edilməlidir.
Folat çatışmazlığı qırmızı qan hüceyrələrinin istehsalını zəiflədərək meqaloblastik anemiyaya səbəb ola bilər. Bu zaman güclü yorğunluq, halsızlıq, nəfəs darlığı, baş ağrısı və iştahasızlıq yarana bilər. Ağız yaraları, dildə qızartı və həssaslıq, ürəkdöyünmə, unutqanlıq, diqqət dağınıqlığı və “beyin dumanı” da folat çatışmazlığının əlamətləri arasında göstərilir.
Mütəxəssis xüsusilə uzun müddət davam edən yorğunluq və qanazlığı əlamətləri olan şəxslərə qidalanma vərdişlərini nəzərdən keçirməyi və lazım gəldikdə qan analizləri etdirməyi tövsiyə edib.
Yılmaz bildirib ki, tünd yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, kələm, brokoli, paxlalılar, noxud, çərəzlər və sitrus meyvələri folatla zəngin qidalardır. Mərci, lobya, noxud, qulançar, avokado və portağal da folat mənbələri hesab olunur.
Folat hamiləlik dövründə də xüsusi əhəmiyyət daşıyır. Hamiləlikdən əvvəl və erkən hamiləlik mərhələsində kifayət qədər fol turşusu qəbulu körpənin beyin və onurğa beyninin inkişafında mühüm rol oynayır. Folat kişilərdə də sperma istehsalı və sperm hüceyrələrinin DNT bütövlüyü baxımından əhəmiyyətlidir.
Dietoloq xüsusilə güclü aybaşı qanaxması olan qadınların diqqətli olmalarını tövsiyə edib. O qeyd edib ki, belə hallarda dəmir çatışmazlığı və qanazlığı riski artır.
Mütəxəssis vitamin əlavələrinin həkim məsləhəti olmadan qəbul edilməməsi barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, yüksək dozada fol turşusunun istifadəsi bəzi hallarda arzuolunmaz təsirlərə səbəb ola və B12 çatışmazlığının əlamətlərini gizlədə bilər.