Türkiyədə infarkt Avropaya nisbətən 10 il daha erkən baş verir

Kardiologiya üzrə mütəxəssis, professor R. Emre Altekin Türkiyədə infarktın Avropa ölkələri ilə müqayisədə orta hesabla 10 il daha erkən baş verdiyini bildirib.

 Sherg.az xəbər verir ki, mütəxəssis son illərdə 40 yaşdan aşağı şəxslərin koronar ürək xəstələri arasında payının 15-20 faizə yüksəldiyini deyib.

Professor Altekinin sözlərinə görə, əvvəllər bu göstərici 10-15 faiz təşkil edirdi. Hazırda infarkt keçirənlərin təxminən 18 faizi 50 yaşdan, 11 faizi isə 45 yaşdan aşağıdır.

Mütəxəssis 30 yaşlarında, hətta 20 yaşların sonlarında ciddi damar tutulması və infarkt hallarının artdığını qeyd edib. Buna görə risk faktorlarına 40 yaşını gözləmədən nəzarət edilməsinin və zərurət yarandıqda müayinədən keçməyin vacibliyini vurğulayıb.

Altekin ürək-damar xəstəliklərinin əsas risk faktorları arasında siqaret, qeyri-sağlam qidalanma, stress, fiziki aktivliyin azlığı, yüksək təzyiq, yüksək xolesterin, diabet və artıq çəkini sadalayıb.

O, ürək sağlamlığını qorumaq üçün tütün məhsullarından uzaq durmağı, sağlam qidalanmağı, həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki aktivliklə məşğul olmağı, sağlam çəkini qorumağı və risk faktorlarını mütəmadi nəzarətdə saxlamağı tövsiyə edib.