Uşaqlarda aylarla davam edən öskürəyin səbəbi bu virus ola bilər

  • Hərarət olmasa da, təhlükə var. Valideynlərin yol verdiyi səhv uşağın vəziyyətini ağırlaşdırır

Payız mövsümünün gəlişi ilə uşaqlar arasında mövsümi xəstəliklərə və müxtəlif virus infeksiyalarına yoluxma halları artıb. Koksaki, rotavirus, paraqripp və digər infeksiyalar valideynləri narahat edən əsas xəstəliklərdəndir.

Bəzi xəstəliklərin əlamətləri bir-birinə bənzədiyindən onları fərqləndirmək və vaxtında müdaxilə etmək xüsusi əhəmiyyət daşıyır. Bəs bu infeksiyalar hansı əlamətlərlə özünü göstərir, valideynlər nələrə diqqət etməli və uşaqları yoluxmadan necə qorumalıdırlar?

Pediatr Aytən İsmayılova Sherg.az-a bildirib ki, uşaqlarda virus infeksiyaları fərqli əlamətlərlə özünü göstərə bilər.

Onun sözlərinə görə, Koksaki virusu əllərdə, ayaqlarda və ağız ətrafında yüngül qaşınma ilə müşayiət olunan səpkilərlə özünü göstərə bilər. Bu zaman hərarət ya qısa müddət davam edir, ya da ümumiyyətlə müşahidə olunmur. Xəstəlik, adətən, bir həftə ərzində sağalır və ağırlaşma ilə nəticələnmir.

Pediatr bildirib ki, skarlatina son dövrlərdə atipik əlamətlərlə də müşahidə olunur. Bu səbəbdən xəstəliyi allergik reaksiyalarla səhv salmaq mümkündür. Bəzi hallarda diaqnoz yalnız əllərin dərisi soyulmağa başladıqdan sonra şübhə doğurur:

“Boğaz ağrısı və hətta azsaylı səpkilər müşahidə olunsa belə, skarlatina ehtimalı nəzərə alınmalıdır. Belə hallarda boğazdan yaxma götürülərək bakterial infeksiyanın olub-olmadığı yoxlanılmalıdır. Xəstəlik təsdiqlənərsə, həkim tərəfindən antibiotik müalicəsi təyin edilməlidir. Diaqnoz gecikdikdə və ya müalicə aparıldıqdan sonra da ürəyin exokardioqrafik müayinəsinə ehtiyac yarana bilər”.

Aytən İsmayılova rotavirus infeksiyasının qusma, ishal, hərarət və qarın ağrısı ilə müşayiət olunduğunu vurğulayıb. Onun sözlərinə görə, qarın ağrısı bir həftəyədək davam edə bilər:

“Bununla belə, bir neçə dəfə qusma və ya ishal uşağın mütləq susuzlaşacağı demək deyil. Əsas məsələ həkimlə əlaqə saxlamaq, düzgün məsləhət almaq və uşağın maye qəbuluna diqqət yetirməkdir. Uşağı yemək yeməyə məcbur etmək olmaz. Əgər maye qəbul edir və içdiyini qaytarmırsa, venadaxili maye köçürülməsinə ehtiyac olmaya bilər. Lakin susuzlaşma əlamətləri yaranarsa, tibbi yardım gecikdirilməməlidir”.

Pediatr parapertussis xəstəliyinin göyöskürəyə bənzər əlamətlərlə keçdiyini, bəzi hallarda isə bronxospazmla müşayiət oluna bildiyini deyib:

“Bu hal xüsusilə allergik meyilli uşaqlarda diqqət tələb edir. Xəstəlik zamanı uzunmüddətli öskürək tutmaları, göz yaşarması, üzün qızarması, öskürəyin sonunda öyümə və qusma müşahidə oluna bilər. Parapertussis zamanı öskürək üç ayadək davam edə bilər. Göyöskürəkdən fərqli olaraq, uşaqda göyərmə əvəzinə üzün qızarması daha çox müşahidə oluna bilər. Xəstəliyə başqa bir virus infeksiyası qoşulduqda isə öskürək arta və tutmalar yenidən güclənə bilər”. Pediatr müayinənin vacibliyini vurğulayıb və rentgen müayinəsinin hər bir halda zəruri olmadığını qeyd edib.

Aytən İsmayılova paraqrippin qripəbənzər əlamətlərlə keçdiyini, lakin simptomların, adətən, daha yüngül olduğunu bildirib. Onun sözlərinə görə, paraqripp zamanı hərarət və digər ümumi əlamətlər qriplə müqayisədə daha zəif ola bilər:

“Hərarətli dövrdən sonra yaş öskürək və burun axması yarana bilər. Həqiqi qrip zamanı isə yüksək hərarət, güclü baş və əzələ ağrıları, eləcə də ciddi halsızlıq müşahidə oluna bilər”.

Pediatr respirator-sinsitial (RS) virusun da tənəffüs yollarını zədələdiyini xatırladıb. Onun sözlərinə görə, bu infeksiya çox vaxt soyuqdəyməyə bənzər əlamətlərlə, burun axması, asqırma, öskürək, yüngül boğaz ağrısı və zəif hərarətlə özünü göstərir:

“Xəstəlik zamanı uşağın ümumi əhvalı və iştahı müəyyən müddət yaxşı qala bilər. Bununla belə, xüsusilə körpələrdə tənəffüs çətinliyi yarandıqda təcili tibbi qiymətləndirmə vacibdir”.

A. İsmayılova sonda valideynlərə xəbərdarlıq edərək bildirib ki, infeksiyaların ağırlaşma riski uşağın yaşı az olduqda və yanaşı xəstəlikləri olduqda daha yüksəkdir:

“ Buna görə də evdə körpə varsa, xəstələnmiş böyük uşağın onunla yaxın təmasını məhdudlaşdırmaq, infeksiya dövründə mümkün qədər ayrı saxlamaq və otaqları mütəmadi havalandırmaq lazımdır. Xüsusilə allergik meyilli uşaqlar daimi nəzarətdə saxlanılmalıdır. Allergiyanın nəzarətdə saxlanılması, ana südü ilə qidalanmanın dəstəklənməsi və körpələrə süni qidanın yalnız zəruri hallarda, uyğun tibbi məsləhətlə verilməsi vacibdir. Uşağın vəziyyətində pisləşmə, nəfəsalma çətinliyi və ya susuzlaşma əlamətləri müşahidə olunarsa, həkimə müraciət edilməlidir”.