Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tütün və tütün məhsullarından istifadənin insan həyatının istənilən dövründə reproduktiv sağlamlığa mənfi təsir göstərə və sonsuzluq riskini artırdığını açıqlayıb.
Sherg.az xəbər verir ki, ÜST 2000–2026-cı illəri əhatə edən və tütün istifadəsinin qadın və kişilərin reproduktiv sağlamlığına təsirlərini araşdıran hesabat yayımlayıb.
Hesabatda tütün istifadə edən qadınlarda sonsuzluq riskinin istifadə etməyənlərlə müqayisədə 40 faiz daha yüksək ola biləcəyi bildirilib. Passiv siqaret çəkmənin də məhsuldarlığa mənfi təsir göstərə biləcəyi qeyd olunub.
ÜST siqareti tərgitməyin bu riskləri azaltmağa kömək edə biləcəyini vurğulayıb. Keçmişdə siqaret çəkmiş qadınlarda sonsuzluq riskinin hazırda siqaret çəkənlərlə müqayisədə 25 faiz daha aşağı olduğu bildirilib.
Hesabatda siqaret çəkən kişilərdə cinsi funksiyanın pozulması hallarının daha çox müşahidə olunduğu və tütün istifadəsinin sonsuzluq müalicəsinin effektivliyini azalda biləcəyi də qeyd edilib.
ÜST elektron siqaret, qəlyan, tüstüsüz tütün və digər tütün məhsullarının reproduktiv sağlamlığa təsirlərinin daha ətraflı araşdırılmasına ehtiyac olduğunu bildirib.