Qeyri-müntəzəm və kifayət qədər yatmamaq, xüsusilə problem xroniki xarakter aldıqda beynin fəaliyyətinə mənfi təsir göstərir.
Sherg.az xəbər verir ki, Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin nevrologiya, neyrocərrahiyyə və tibbi genetika kafedrasının dosenti, tibb elmləri namizədi Artyom Tolmaçev yuxusuzluğun yaddaş və diqqətə təsirindən danışıb.
Həkimin sözlərinə görə, normal yuxudan sonra insan diqqətini cəmləmək, yeni məlumatları yadda saxlamaq və qərar qəbul etməkdə daha az çətinlik çəkir. Xroniki yuxusuzluq zamanı isə bu funksiyalar tədricən zəifləyir.
Mütəxəssis qeyd edib ki, bir gecə yuxusuz qalmaq beyində geri dönməz dəyişikliklərə səbəb olmur. Lakin yuxusuzluğa xüsusilə həssas olan beyin nahiyələrindən biri xatirələrin formalaşmasında iştirak edən hipokampdır.
Həkim vurğulayıb ki, yuxunun yalnız müddəti deyil, keyfiyyəti də vacibdir. Məsələn, tənəffüs pozuntuları tez-tez oyanmalara və qanda oksigen səviyyəsinin azalmasına səbəb ola bilər.
Tolmaçev mütəmadi yuxu problemləri yaşayan insanlara bunun səbəbini müəyyənləşdirməyi, yuxu rejiminə riayət etməyi və kofeindən həddindən artıq istifadə etməməyi tövsiyə edib.