“Gürcüstandakı proseslər Rusiyanın nəzarətindədir” - Professor


 Cümşüd Nuriyev:“Moskva Gürcüstanın bundan sonra sərbəst addım atmasını istəmir” 


“Gürcüstanda baş verən proseslər artıq Rusiyanın nəzarətindədir”.

Bunu “Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. 

Analitik bildirib ki, Cənubi Qafqaz ölkələri uğrunda böyük dövlətlərin açıq mübarizəsi gedir: 

“Region böyük dövlətlərin maraq dairəsindədir. Əsas oyunçular isə ABŞ və Rusiyadır. Moskva bölgəyə daha yaxındır. Gürcüstan ərazilərində Rusiyanın hərbi bazaları və nəzarət etdiyi torpaqları var. Kremlin nəzarət etdiyi xeyli ərazilərdə gürcülər rus pasportu alıblar. Moskva Gürcüstanın bundan sonra sərbəst addım atmasını istəmir. 

Daha doğrusu Tiflisin “özbaşınalıq” etməsini arzulamır. Son dövrlər NATO-nun Gürcüstan ərazisində baza yaratmaq istəməsi, hərbi təlimlər keçməsi, Qara dənizdəki hərbi gəmilərin tez-tez Gürcüstana yan alması Rusiyanın təhlükəsizliyinə ciddi təhdid hesab olunur”. 

Professorun sözlərinə görə, ölkədə siyasi proseslərə Bidzina İvanaşvili başçılıq edir: 

“Rəsmi prezident heç nəyi həll etmir. İndiki zamanda qonşu ölkədə hakimiyyəti qoruyan real güc DİN rəhbəri Georgi Qaxariyadır. Onun “yıxılması” Gürcüstanda dövlət çevrilişinin baş verməsi ilə nəticələnə bilər. Hadisələrin gedişatı bunun baş verəcəyini göstərir. 

Saakaşvilinin isə bunu etməyə gücü çatmayacaq. Ukraynada oturmaqla ölkədə çevriliş etmək mümkünsüzdür. Hakimiyyətin dəyişməsində və rəhbərliyə yeni qüvvələrin gəlməsində Kreml daha maraqlıdır. Moskva çalışır ki, Tiflisi Amerikanın “uşaqlarından” təmizləsin. Bunu da gec-tez həyata keçirəcək”. 

C.Nuriyev bildirib ki, Moldovadan sonra Gürcüstanda hansısa hadisələrin başlayacağı gözlənilən idi. Növbədə Ukrayna və Azərbaycandır: 

“Azərbaycan rəhbərliyi ağıllı siyasət yürütdüyü üçün kənardan heç kim daxili siyasətimizə qarışa bilmir. Azərbaycan balanslı siyasəti ilə həm qonşuların, həm də böyük dövlətlərin maraqlarını gözləyir. 

Amma Gürcüstan bunu bacarmadı. Ümumiyyətlə, millətçiliyin aşırı olduğu yerlərdə bu kimi problemlər qaçılmaz olur. Əgər Qaxariyanı yaxın günlərdə “qurban” verməsələr, Gürcüstandakı münaqişələr, qarşıdurmalar davam edəcək”.

Politoloq bəyan edib ki, kiçik ölkələr həmişə böyük dövlətlər tərəfindən cəzalandırılır: 

“Hazırda ABŞ qeyri-səmimi mövqe sərgiləyir. Osakada “G- 20”lərin görüşündə hamı gözləyirdi ki, mövcud problemlərə görə, Ağ Ev rəhbəri Donald Trampla Rusiya lideri Vladimir Putin arasında gərginlik yaşanacaq. Amma heç nə baş vermədi. Əksinə, Tramp dünyanın gözü qarşısında Putini daha yüksəklərə qaldırdı”.