Rəsmi Yerevan Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisində Rusiyanın mümkün iştirakı ilə əlaqədar Moskva ilə danışıqlar aparır. “RİA Novosti” xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan deyib. O bildirib ki, Ermənistan atom enerjisindən imtina etmək istəmir. T.Avinyanın sözlərinə görə, Ermənistanda “Metsamor” AES bağlandıqdan sonra yenisinin tikintisi imkanları nəzərdən keçiriləcək: “Rusiyalı tərəfdaşlarla bu mövzunu müzakirə etməyə hazırıq. Artıq danışıqlar aparılır”.
Qeyd edək ki, “Metsamor” AES hazırda region üçün ciddi təhlükə mənbəyidir.
Stansiya ilə bağlı dəfələrlə region ölkələri, xüsusən də Azərbaycan və Türkiyə narahatlıqlarını ifadə ediblər. Amma rəsmi Yerevan deyilənləri qulaqardına vuraraq, gah AES-in təmir edildiyini, gah yenisinin tikildiyini qeyd edib, məsələdən yayınır.
Analitiklər bildirirlər ki, “Metsamor” region üçün son dərəcə təhlükəli haldadır.
Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Sherg.az vasitəsilə xatırladıb ki, bir neçə il əvvəl AES-də ciddi qəza baş vermişdi:
“Həmin vaxt Ermənistan hökuməti stansiya ilə bağlı yanlış məlumatlar yaydı. Halbuki “Metsamor”un iki bloku sıradan çıxmışdı. Zaman-zaman erməni mütəxəssislər də AES-lə bağlı həyəcan təbili çalırlar. Amma Yerevan deyilənlərə məhəl qoymur. “Metsamor” qəzalı vəziyyətdədir. Qəzalı stansiya isə bölgə üçün ciddi təhlükə mənbəyidir”.
Analitik deyib ki, region dövlətləri vurğulanan təhlükəyə biganə yanaşmamalıdır: "Məsələyə ciddi yanaşmaq üçün bölgə ölkələrinin əlində yetərli imkanlar, fakt və sübutlar var. Hətta müəyyən təmir işləri görsələr belə bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki indi istifadə edilən reaktorlar Çernobılda qəza törətmiş cihazların prototipidir. Həmin avadanlıqların istifadə müddəti çoxdan başa çatıb. Əgər beynəlxalq qurumlar məsələyə ciddi yanaşmazsa, bölgədə ikinci Çernobıl faciəsi baş verə bilər. Faciənin fəsadları isə Ermənistan başda olmaqla digər qonşu dövlətləri də vuracaq. Stansiyanın seysmik zonada yerləşməsi də təhlükəni artıran amil hesab olunur”.