"AXCP sədri və ətrafı yalanları ilə öz auditoriyalarını genişləndirməyə cəhd edirlər"

 

“Uzun illər eyni siyasəti aparmaq və heç bir nailiyyət əldə etməmək radikal müxalifətin uğursuzluğunun bariz göstəricisidir”.

Bunu “Sherg.az”a BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. 

Partiya funksioneri bildirib ki, xüsusən, AXCP sədri Əli Kərimlinin davamlı uğursuzluqları özünü açıq şəkildə göstərir: 

“Partiya sədri illər öncə baş vermiş hadisələri məqsədli şəkildə təhrif edir, ictimaiyyətə yalan məlumatlar çatdırır. Onun yazdığı statusların, verdiyi açıqlamaların hamısı uydurma faktlara söykənir. Ə.Kərimli AXC-nin hakimiyyəti zamanı, yəni torpaqlarımızın işğal edildiyi dövrdə 35 batalyonun mövcud olduğunu iddia edir. Yaxşı bu qədər batalyon var idisə, onda niyə Surət Hüseynovun 71 nəfərlik bandasının qarşısına çıxmadılar?! Niyə qiyamı yatırtmadılar? Niyə torpaqları müdafiə etmədilər? Həmin dövrdə dövlət katibi olan Əli Kərimli bu suallara cavab versin. Bilirsiz, 1993-cü il Azərbaycanda qiyam baş vermişdi və Surət Hüseynov hərbi birləşmənin rəhbəri idi. Ölkə parçalanmaq, dağılmaq ərəfəsində idi. Şimalda Əli Ansuxski “Car-Balakən Respublikası”nın qurulması prosesini aparırdı. Cənubda isə Əlikram Hümbətov “Talış Muğan Respublikası”nın vurulmasını həyata keçirirdi. Plana görə, Azərbaycan üç hissəyə bölünməli idi. Milli Məclis üzvlərinin bir çoxu rus qoşunlarının yenidən Azərbaycana qayıtması prosesinə razılıq vermişdilər. Belə bir vəziyyətdə Ümummilli Lider Heydər Əliyev Azərbaycana qayıtmasaydı, ölkəmizin müstəqilliyi əldən gedəcəkdi. Ölkənin bölünməsinin və digər təhlükəli proseslərin qarşısını məhz Heydər Əliyev aldı. Əli Kərimli həmin prosesləri təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırmağa cəhd edir”.  

N.Orduxanlının sözlərinə görə, Əli Kərimli Elçibəy komandasının ən üzdə olan adamı olub və siyasi rəhbərlikdə təmsil olunub: 

“Həmin dövrdə baş verən bütün neqativ hadisələrə görə, məsuliyyət Əli Kərimlinin üzərinə düşür. Əgər bacarıqlı siyasətçi idisə, baş verənlərə mane olardı. Radikal müxalifətin Azərbaycana qarşı apardığı qərəzli mübarizənin tezisləri bəlli güc mərkəzləri tərəfindən verilir. Xaricdəki həmin dairələr məqsədli şəkildə xaricdəki söyüş ritorikasından, böhtan-şər kampaniyasından və hadisələrin təhrif edilməsindən yararlanırlar. Əfsuslar olsun ki, bəzi gənclər radikal müxalifətin keçmişdə etdiklərini bilmirlər. Bundan sui-istifadə edən AXCP sədri və ətrafı yalanları ilə öz auditoriyalarını genişləndirməyə cəhd edirlər. Ölkədəki radikal müxalifət xaricdəki mühacir müxalifətlə əlbir olaraq Azərbaycanın imicini korlamaq istəyir. Bunu da erməni lobbisinin maliyyəsi əsasında həyata keçirirlər”.