“1992-ci ildə Azərbaycan və Türkiyənin təşəbbüsü ilə İstanbulda ilk dəfə türk dövlətlərinin zirvə görüşü keçirildi. Həmin ildən etibarən davamlı olaraq Türkiyədə, Azərbaycanda və digər türk ölkələrində sammitlər keçirilir”.
Bunu “Sherg.az”a açıqlamasında “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib.
Baş redaktor bildirib ki, 1990-cı ilin ortalarına qədər Özbəkistan və Türkmənistan bu görüşlərə qatılırdı. Amma sonralar ölkələr arasında yaranmış müəyyən problemlər, xüsusən Özbəkistanla Türkiyə arasındakı anlaşılmazlıq səbəbindən münasibətlər pozuldu:
“O zaman Özbəkistandan bəzi müxaliflər Türkiyəyə sığınmışdı və Ankara hökuməti onların geri verilməsi tələbinə rədd cavabı vermişdi. Gərgin münasibət türk dövlətlərinin ortaq birliklərdə təmsil olunmasına mənfi təsir göstərdi və Özbəkistan növbəti zirvə görüşlərinə qatılmadı. Türkmənistan isə Azərbaycanla net-qaz yataqları ilə bağlı problemə, eyni zamanda özünün tutduğu “neytral dövlət” statusuna görə Türk Şurasında iştirakdan vaz keçdi”.
A.Camal vurğulayıb ki, hazırda hər iki ölkədə rəhbərlik dəyişib:
“Özbəkistan prezidenti Şavkat Mirziyayev türk dünyasına açılım siyasəti yürüdür. Özbəkistanın Türk Konseyinə qoşulmaq qərarı da məhz Mirziyayevin siyasi iradəsinin təzahürüdür. Azərbaycanın, Türkiyənin və Qazaxıstanın davamlı siyasəti nəticəsində Türkmənistanın da inteqrasiya prosesində iştirakı ilə bağlı müəyyən irəliləyişlər var.
Vurğulamaq istərdim ki, Özbəkistan və Türkmənistanın bugünədək Türk Şurasından uzaq qalması həmin ölkələrin və xalqların seçimi deyildi. Hər iki dövlətin kənarda saxlanması ölkənin başında duran rəhbərlərin şəxsi yanaşması idi. Şükürlər olsun ki, artıq maneələr geridə qalıb. Ümid edirik, bundan sonra Özbəkistanın və Türkmənistanın türk dünyasına inteqrasiyası sabit və stabil olacaq”.