“Rəsmi İrəvan yersiz hay-küy yaratmaqla Rusiyanı şantaj edir”


“Ermənistan parlamentində KTMT ilə bağlı müzakirələrin keçirilməsi gözlənilən idi. Çünki Rusiya tərəfindən qurumun nizamnaməsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub”.

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, yeni dəyişikliklərə əsasən müşahidəçi statusunun təsis olunması planlaşdırılır. Bu isə avtomatik olaraq yaxın perspektivdə Azərbaycanın da bu qurumda müşahidəçi statusu ilə yer ala biləcəyi məsələsini aktuallaşdırır: 



“Rusiya Baş nazirinin müavini Yuri Borisovun Azərbaycanın KTMT-də müşahidəçi statusu almasının mümkünlüyünü istisna etməməsi bu məsələnin gündəmə gəlməsində, aktuallaşmasında az rol oynamadı.

Ermənistan da məhz bu amilə görə, xüsusi narahatlıq hissi keçirir. Mən bunun altını cızaraq qeyd etmək istərdim ki, rəsmi İrəvan Azərbaycanı KTMT ilə təhdid etməklə əslində qabaqdangəlmişlik edir.

Bizim sözügedən quruma üzv olmaq üçün müraciət edəcəyimiz təqdirdə Ermənistanın bizə qarşı veto hüququndan istifadə edəcəyini bəyan etməsi “əzələ nümayişi”ndən başqa bir şey deyil.

Ermənistan bununla həm də özünün KTMT-da real “söz sahibi” olduğunu göstərmək istəyir. Bu gün Ermənistan hakimiyyətinin ifratçılıq meylləri o dərəcəyə çatıb ki, hətta Prezident İlham Əliyevin Azərbaycanın KTMT-yə üzv olmaq fikrinin olmadığını bəyan etməsi də rəsmi İrəvanın sakitləşməsinə kifayət etməyib. Çünki Paşinyan və onun komandası artıq tamamilə reallıq hissini itirib”.

Ə.Hüseynov vurğulayıb ki, Paşinyanın emosional, qeyri-adekvat və bəzi hallarda şizofrenik əhval-ruhiyyədə olması Ermənistanın digər siyasi qüvvələrinə və sıravi ermənilərə də istər-istəməz öz təsirini göstərir: 

“Ermənistan hakimiyyəti erməni cəmiyyətini qəsdən Azərbaycana qarşı davakar, aqressiv ovqata kökləməyə çalışır. Düşmən ölkədəki hazırkı isterik durum məhz bundan irəli gəlir. Rəsmi İrəvan Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi ətrafında yersiz hay-küy yaratmaqla həm də Rusiyanı şantaj edir. Başqa sözlə desək, Paşinyan öz aləmində Rusiya ilə “geopolitik oyun” oynayır”.