“Siyasi mübarizələr və seçki prosesləri daxili işimizdir” - Xarici müdaxilə yolverilməzdi


“Hansısa beynəlxalq təşkilat, yaxud xarici dövlət Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək üçün öz nümayəndəsini göndərə bilər”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

Deputat bildirib ki, qanunlarımızın imkan verdiyi çərçivədə buna şərait yaradırıq. Ancaq müəyyən qurumların seçkilərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəməsi qəbuledilməzdir: 

“Bu mənada Əli Əhmədovun dəyərləndirməsini müsbət qiymətləndirirəm. Azərbaycankı bütün siyasi mübarizələr və seçki prosesləri daxili işimizdir. Xarici qüvvələrin daxili çəkişmələrə qarışması yolverilməzdir. Əlbəttə, Azərbaycan məhkəmələrinin qərarı ilə razılaşmayanlar beynəlxalq məhkəmələrə müraciət edə bilərlər. Qanunlarımız buna da imkan verir.

Yəni, istənilən hüquqi prosedurlar qəbul olunandır. Belə olan təqdirdə qətiyyən imkan verməməliyik ki, hansısa beynəlxalq təşkilatlar, Soros fondu kimi qərəzli qurumlar Azərbaycandakı seçkiləri məqsədli şəkildə siyasiləşdirsinlər, təzyiq mexanizmini işə salsınlar. Bunun üçün marginal qrupların prosesə cəlb edilməsinə də imkan verməməliyik”.

Parlament üzvünün sözlərinə görə, əslində beynəlxalq güclər ölkəmizdəki bələdiyyə seçkilərində kimin qalib gəlib-gəlməməsi ilə maraqlanmır: 

“Onların işi-gücü fürsətbazlıqdır. Seçki öncəsi yaranmış “əlverişli” mühitdən yararlanaraq, öz niyyətlətini həyata keçirmək istəyirlər. Ölkəmizə təzyiq göstərmək üçün istənilən fürsəti dəyərləndirməyə çalışırlar. Ona görə də ictimaiyyət ayıq-sayıq olmalıdır. Nə problemimiz varsa, daxildə özümüz müzakirə edərək həll etməliyik”. 

Qeyd edək ki, Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan son illər böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, Azərbaycan ən uğurlu gənc dövlətlərdən biri hesab olunur: “Azərbaycanın inkişafı, insanların rifahının yaxşılaşması fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır. Xüsusən ayrı-ayrı ölkələrdə sığınacaq alanların fəaliyyəti narahatlıq doğurur”. Ə.Əhmədov bu kampaniyaların qarşısının alınması üçün partiya üzvlərini daha fəal olmağa səsləyib.