“Kənar qüvvələrin ölkəmizə müdaxiləsi nəticə verməyəcək, çünki... ” 

“...Azərbaycanda hakimiyyəti xalq formalaşdırır. Xalq da öz hakimiyyətinin yanında durur və dəstəkləyir”


“Azərbaycandakı daxili proseslərə kənardan siyasi müdaxilələrə cəhd edilməsi hər zaman aktualdır”. 

Bunu “Sherg.az”a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. 

Gənc fəal bildirib ki, xarici güclərin məqsədi xalqın siyasi iradəsinə ziddi olaraq, ölkənin milli maraqlarını deyil, birbaşa onların şəxsi mənafelərini güdən siyasi qüvvələri hakimiyyətə gətirməkdir: 



“Belə cəhdlər dəfələrlə olub. Lakin beynəlxalq təşkilatlar və başqa güclər anlamalıdırlar ki, Azərbaycan hakimiyyəti yalnız xalq qarşısında hesabat verməyə borcludur.

Xaricdəki siyasi dairələrin, qərəzli mövqedə dayanan qüvvələrin rəyləri bizim üçün önəmli deyil. Azərbaycanda hakimiyyəti xalq formalaşdırır. Xalq da öz hakimiyyətinin yanında durur və dəstəkləyir”. 

F.Şahbazlının sözlərinə görə, Azərbaycandakı radikal müxalifətin bir sıra beynəlxalq güclərin əlində alətə çevrilməsi təəssüf doğuran hal olsa da, bir reallıqdır: 

“Biz xarici müdaxilələrə qarşı durarkən sapı özümüzdən olan baltalarla da mübarizə aparmaq məcburiyyətində qalırıq.

Düşünürəm ki, millətimizin təcrübəsi, illərdən bəri formalaşmış dövlətçilik ənənəsi və yaranmış immunitet sağlam analiz aparmağa və düzgün nəticə çıxarmağa imkan verir. O baxımdan kənar qüvvələrin ölkəmizə müdaxilələri heç bir nəticə verməyəcək”.